NƏFSLƏ MÜBARİZƏ, YAXUD BÖYÜK CİHAD!

Nəfslə mübarizə və onu əxlaqi rəzilətlərdən saflaşdırmağın böyük əhəmiyyət daşımasına bu kifayətdir ki, onu “böyük cihad” adlandırmışlar. Bu ifadə Peyğəmbəri-Əkrəmin (s) müharibələrin birindən qayıdan mübariz səhabələrinə buyurduğu məşhur bir hədisdən götürülmüşdür:

مَرْحَباً بِقَوْمِ قَضَوُا الْجِهادَ الْاَصْغَرَ وَ بَقِيَ عَلَيْهِمُ الْجِهادُ الْاَكْبَرُ، فَقِيلَ: يا رَسُول اللهِ مَا الْجِهادُ الْاَكْبَرُ؟ قالَ: جِهادُ النَّفْسِ

“Kiçik cihadı yerinə yetirən dəstəyə afərin! (Qarşıda isə hələ) onları böyük cihad gözləyir.” Soruşdular: “Böyük cihad hansıdır?” Buyurdu: “Nəfslə mübarizə!” (“Vəsailüş-şiə”, c.11, səh.123.)

Bəzi hədis alimləri öz əsərlərində nəfsin saflaşdırılması ilə bağlı bəhsləri “cihad” bölümündə qeyd etmiş və onu cihadın bir qismi bilmişlər. Digər hədislərdə də Peyğəmbəri-Əkrəmin (s) buyruğunun davamı belə verilmişdir:

اِنَّ اَفْضَلَ الْجِهادِ مَنْ جاهَدَ نَفْسَهُ الَّتِي بَيْنَ جَنْبَيْهِ

“Ən üstün cihad insanın daxilindəki nəfsi ilə mübarizəsidir.” (“Vəsailüş-şiə”, c.11, səh.123.)

Bu cümlə nəfslə bağlı İslamın nəzərini çox gözəl aydınlaşdırır və bu haqda bir sıra araşdırmalardan sonra aşağıdakı həqiqətlər üzə çıxır:

1. İnsanın taleyi daxilindəki iki zidd qüvvənin qarşıdurması və birinin digəri üzərindəki qələbəsinə bağlıdır;

Hamımız bilirik ki, bütün canlı varlıqlar arasında insan xüsusi və müstəsna keyfiyyətlərə malikdir. Onda bir-birinə zidd daxili qüvvələr vardır ki, bir tərəfdən (nəfsani meyillər, heyvani istəklər və instinktiv hisslər) onu günaha, çirkinliyə, başqalarının hüquqlarına təcavüz etməyə, yalan və xəyanətə sövq edir, digər tərəfdən isə (əql və idrak qüvvəsi, vicdan və insanlıq şəfqəti) ədalətə, insansevərliyə, paklığa, doğruluğa və təqvaya çağırır. Bütün insanlarda bu qüvvələr bir-birilə mübarizə aparır, birinin digərinə nisbi qələbəsi onların insani dəyərlər baxımından fərqlənmələrinə, təkamül və tənəzzülünə səbəb olur. Bəzən, insan Allahın ən yaxın mələklərindən üstün və fəzilətli, bəzən isə yırtıcı heyvanlardan da qorxulu olur. Bu həqiqət bir çox hədislərdən də başa düşülür. İmam Əli (ə) buyurur:

إِنَّ اللهَ خَصَّ الْمَلَكَ بِعَقْلِ دُونَ الشَّهْوَةِ وَ الْغَضَبِ، وَ خَصَّ الحَيواناتِ بِهِما دُونَهُ وَشَرَّفَ الْاِنْسانَ بِاِعْطاءِ الْجَمِيعِ فَاِنِ انْقادَت شَهْوَتُهُ وَغَضَبُهُ لِعَقْلِهِ، صارَ اَفْضَلَ مِنَ الْمَلائِكَةِ لِوُصُولِهِ اِلى هذِهِ الرُّتْبَةِ مَعَ وُجُودِ الْمُنازِعِ

“Allah-Taala mələklərə ehtiras və qəzəb deyil, yalnız əql; heyvanlara əql deyil, yalnız ehtiras və qəzəb, insanı isə şərəfli sanaraq ona hamısını əta edib. Əgər onun əqli ehtiras və qəzəbinə qalib gəlsə, əks və zidd qüvvənin varlığı ilə bu məqama çatdığı üçün mələklərdən üstün olacaq.” (“Camiüs-səadat”, c.1, səh.34.)

Diqqət yetirmək lazımdır ki, təbii meyil, istək, ehtiras və instinktiv hisslər həyatın davamı üçün zəruridir. Başqa sözlə, insanın cismində bihudə bir üzv olmadığı kimi, ruhi istək və meyillərin də rolu vardır. Əlbəttə, bu o zamana qədərdir ki, hər istək öz təbii dairəsini aşmasın, zərərli və qorxulu meylə çevrilməsin. Məsələn, heç kim insanda “qəzəb”in rolunu inkar edə bilməz. Hüququ tapdanmış şəxs onu bütün qəzəbi sayəsində mübarizə meydanında tələb etməyincə, sakit və aram halda onu əldə etmək əbəs fikirdir! Amma qəzəb öz təbii halını itirib əqlin ixtiyarından çıxdıqda da insanı heç bir hədd-hüdudu tanımayan vəhşi bir heyvana çevirməyə də qadirdir. Yaxud insanın sərvətə malik olmaq və vəzifəyə yiyələnmək üçün çalışması normal və təbii meyil sayıldığı halda, yalnız dünya, sərvət və vəzifə düşkünlüyünün, yəni bu meyillərdə ifrata varmağın viranedici təsiri də heç kimə gizli deyildir.

Buna əsasən, cismani normaların pozulması həmişə xəstəlik və acınacaqlı hadisələrlə yanaşı olduğu kimi, ruhi qüvvələr, ehtiras və istəklərin də normal vəziyyətinin bir-birinə dəyməsilə bir növ ruhi-psixoloji xəstəliklər yaranır ki, əxlaq alimləri ona “qəlbi xəstəlik” deyirlər. Bu ifadəni biz Qurani-Kərimdə nifaq və ikiüzlülük sifətinə sahib olan münafiqlərə verildiyini müşahidə edirik. Belə ki, “Bəqərə” surəsinin 10-cu ayəsində buyurulur:

{فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً}

“Onların qəlblərində mərəz (xəstəlik) vardır. Allah onların (pis əməllərinə görə) xəstəliyini artırar.”

“Əhzab” surəsinin 12-ci ayəsində də belə buyurulur:

وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورًا

O zaman münafiqlər  qəlblərində xəstəlik olanlar: “Allahın  Rəsulun vədələri qürur  yalandan başqa bir şey deyildir” – deyərlər.”

2. Nəfslə mübarizənin “böyük cihad” adlandırılması onun daimi olmasına görədir. Həm də bu daxili müharibə insan üçün xarici müharibədən təhlükəli və daha qorxuludur. Nəfslə mübarizə adlı böyük cihadda məğlubiyyət bədbəxtlik, adi müharibələrdə isə məğlubiyyətlə hətta “şəhidlik” kimi böyük iftixara çatmaq olur. Başqa sözlə, xarici düşmənlə mübarizədə həqiqi məğlubiyyət əsla olmadığı halda, nəfslə mübarizədə məğlubiyyət ehtimalı çoxdur.

3. Bu cihad çətin və ağır olsa da, təkamülün rəmzidir. Təkamül isə ziddiyyətlərin, “xeyir” və “şər” qüvvələrin çəkişməsi nəticəsində əmələ gəlir. Bir də ki, insan hadisələr, çətinliklər və ağrı-acılarla üzləşməyincə möhkəmlənməz. İmam Əli (ə) buyurmuşdur: “(Həmişə müxtəlif hadisələrlə üzləşən) meşə ağacları möhkəm və közü davamlıdır.”

Bunlar göstərir ki, zidd qüvvə və istəklər təkamül üçün mühüm rola malikdirlər.

4. Mümkündür, zahiri düşmənlə mübarizədə maddi məqsədlər (qənimət yığmaq, şöhrət qazanmaq və s.) güdülsün, lakin nəfslə mübarizədə məqsəd təkamülə çatmaq, fəzilət qazanmaqdır. Ona qalib gəlməklə insan böyük iradə, güclü iman, yüksək himmət və şəxsiyyət qazanır.

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru