Nəsimi rayonunun sakinlərinin söküntü problemi

Nəsimi rayonunun sakinlərinin söküntü problemi

-- sakinlər şirkətə inanmırlar və inşaatçıların təklif etdikləri şərtləri bazar qiymətinə uyğun hesab etmirlər

Paytaxtın Nəsimi rayonunda yaşayış məhəlləsinin hasarlanmasına etiraz edən iki vətəndaşı bu gün polis saxlayaraq Nəsimi rayon polis şöbəsinə aparıb.
 
Bir qədər sonra onlar buraxılıb. Polis xəbərdarlıq edib ki, hasar Grand Plaza MMC şirkətinin mülkiyyətidir və Suleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişməsindəki məhəllənin sakinləri onun korlanmasına görə məsuliyyət daşıyırlar.
 
Dekabrın 30-da və yanvarın 4-də məhəllə sakinləri vətəndaşların hərəkətinə mane olan hasarın tikintisinin qarşısını ala biliblər, sakinlərdən biri Samir Cəfərov Turan-a bildirib.
 
Onun sözlərinə görə, 2017-ci il noyabrın ortalarında, məhəllənin hər bir sakini (104 ailə) Nəsimi Rayon İcra Hakimiyyətindən məktub alıb və məktubda onlara evlərinin sökülməsi ilə bağlı Grand Plaza şirkətilə sənəd imzalamaq təklif olunub.
 
Tikinti şirkətinin nümayəndələri 2-4 mərtəbəli evlərdən ibarət ərazidə çoxmərtəbəli binaların tikiləcəyini və sökülmüş evlərin sahiblərinə əvvəlki evlərin sahəsindən 20% böyük ev veriləcəyini vəd ediblər. Tikinti zamanı sakinlər mənzil kirayəsi üçün ayda 200-300 manat alacaqlar.
 
Buna ancaq iki ailə razılaşıb. Digərləri şifahi sözlərə inanmayıbar və vədlərin sənədlə təsdiqlənməsini tələb ediblər. Bununla yanaşı tikinti müddətində verilən kirayə haqqının az olduğunu bildiriblər.
 
Şirkət nümayəndələri bundan öncə S.Vurğun küçəsindəki 7 Points layihəsini nümunə göstəriblər. Ancaq sakinlər öyrəniblər ki, S.Vurğun küçəsindəki evin sakinlərinin şikayətinə əsasən İqtisad Məhkəməsi vətəndaşların tərəfini tutub və binann sökülməsini qadağan edib.
 
İnşaatçılar S. Vurğun küçəsindəki evə ziyan vurublar, ancaq məhkəmə qərarından sonra ərazini tərk ediblər. Sakinlərin bundan xəbəri olduğunu başa düşən firma nümayəndələri özləri vətəndaşlara yaxın gəlməyiblər, danışıqları rieltorlara həvalə ediblər. Bununla belə, ikigünlük uğursuz cəhddən sonra yanvarın 5-də hasarı qurublar.
 
14-cü MKİS-in rəhbəri Ramin Piriyev münaqişəyə müdaxilə etməyib.
 
"Biz sakinlərdən ibarət qrup təşkil etdik və demək olar ki, hər gün həyətdə toplaşırıq. Müvafiq dövlət orqanlarına şikayət və müraciətlər göndərmək üçün kollektiv qərar qəbul etdik. Alınan evin birinci mərtəbəsindəki mənzillərin birində inşaatçılardan birinin ofis açdığı məlum olub. O2017-ci il dekabrın 30-da öz evini satmayan qonşunun pəncərəsinin qarşısında hasar tikməyə başlayıb", - sakinlər Turan-a yazıblar.
 
Nəsimi Rayon İcra Hakimiyyətinin sakinlərə rəsmi məktubunda deyilir ki, paytaxt rəhbərliyi köhnə və qəzalı evləri sökərək onları rahat yaşayış şəraiti olan evlərlə əvəz edəcək. Hakimiyyət sakinlərə tikinti şirkətilə razılığa gəlməyi və onların şərtlərini qəbul etməyi təklif edir.
 
Ancaq sakinlər şirkətə inanmırlar və inşaatçıların təklif etdikləri şərtləri bazar qiymətinə uyğun hesab etmirlər.
 
Turan Grand Plaza ilə əlaqə yarada bilməyib.
 
Sakinlər hökumətə, Milli Məclisə, prokurorluğa şikayətlər göndəriblər və onların rəsmi cavablarını gözləyirlər. S. Cəfərovun dediyi kimi, vətəndaşlar İqtisad məhkəməsində iddia qaldırmaq niyyətindədirlər, vəkil tutublar. Onlar tikinti işlərinin dayandırılmasını tələb edəcəklər. (contact.az)

Google+ WhatsApp ok.ru