NAMAZ – ƏN XEYİRLİ ƏMƏL

NAMAZ – ƏN XEYİRLİ ƏMƏL

Ayə və rəvayətlərə əsasən, insanı Allaha yaxınlaşdıran ən mühüm əməl namazdır. Hər birimiz gün uzunu dəfələrlə namazda bu sözləri təkrar edirik: “Tələsin ən xeyirli işə!” Yəni namaza! Nə üçün namaz ən xeyirli əməl hesab olunur? Başqa əməllərlə müqayisədə daha sadə və asan olan namaz nə üçün daha əhəmiyyətli hesab olunur? Cihadla müqayisədə namaz olduqca asandır. Cihadda aclıq, susuzluq, yorğunluq, yaralanma, hətta ölüm kimi məhrumiyyətlər var. Bununla belə, bir sıra söz və hərəkətdən ibarət olan namaz cihaddan xeyirlidir.

Həqiqi ibadət odur ki, insan öz yaradanı qarşısında bütün varlığı ilə təslim olsun. Bizim təkamülümüzə mane olan əsas səbəb Allah qarşısında özümüzü ixtiyar sahibi kimi aparmağımızdır. Biz bunu dilimizlə izhar etməsək də, hərəkətlərimizdə bu yanlış xüsusiyyət özünü göstərir. Biz özümüzü qüdrət, istedad, sərvət sahibi kimi aparırıq. Böyük vəzifəyə çatmış insanlarda bu xüsusiyyət özünü daha çox wruzə verir. Elə bu səbəbdən də, bəzən nəfsimizin razılığını Allahın razılığından üstün tuturuq. “Casiyə” surəsinin 29-cu ayəsində buyurulur: «Nəfsini özünə tanrı edəni gördünmü?»

Bəli, bəziləri Allaha pərəstlik əvəzində özünə pərəstişlə məşğuldur. Çox az insanı çıxmaq şərti ilə hər birimizdə hansısa dərəcədə özünəpərəstişi müşahidə edirik. “Yusuf” surəsinin 106-cı ayəsində oxuyuruq: «Onların çoxu Allaha şərik qoşmaqla iman gətirmirlər.» Əksər insanlarda şirk əlaməti var, Allahpərəstlik özünəpərəstişlə çulğaşmışdır.

Namazın əsas fəlsəfəsi budur ki, özünəpərəstişliyi bir kənara qoyub bütün varlığımızla Allaha təslim olaq. Namaz Allah qarşısında təvazökarlıqla dayanmaq üçün vasitədir. Namaz varlığı Allaha təslim etmək üçün təlim meydanıdır. “Ənam” surəsinin 162-ci ayəsində oxuyuruq: «De ki, həqiqətən, namazlarım, ibadətlərim, diriliyim və ölümüm aləmlərin rəbbi Allah üçündür

İnsan öz varlığını, bütün istedad və qüvvələrini Allahın ixtiyarında olduğunu bilərsə, namazda hal tapar. Namaz insanda bu halı gücləndirir və onu həm zahiri, həm də batini cəhətdən Allaha diqqətli edir. Elə bu səbəbdən də, insana üzünü qibləyə tutmaq tapşırılır. Namazın əksər hərəkətləri bəndəlik göstəricisidir. Səbirlə qiyam halında durmaq, təzim, səcdə hər biri bəndəlik nişanələridir. Namazın əksər sözləri bəndənin öz ağası qarşısında özünün acizliyinin izharından ibarətdir. Namazdakı bütün hərəkətlər və zikrlər Allah qarşısında mütiliyi bariz şəkildə izhar edir. Əlbəttə, namazın batini keyfiyyətləri də olmalıdır.

Demək, namaza böyük əhəmiyyət verilməsinin sirri yaranış məqsədinin, yəni eqoizmin aradan qaldırılması və insanda bəndəlik ruhiyyəsinin yaradılmasında oynadığı mühüm rolla bağlıdır. Allahın həqiqi malikiyyətini və insan vücudunda bəndəliyin izharı üçün namaz ən təsirli vasitədir. Belə geniş tutum başqa ibadətlərdə yoxdur. Oruc da ibadətdir. Amma oruc yalnız bir sıra əməl və rəftarların tərkindən ibarətdir. Namazda olan zikrlər, bəndəliyin izharı başqa heç bir ibadətdə yoxdur. Namaz insanın bütün vücudunu bəndəliyə sövq edən kompleks ibadətdir. Bu ibadətdə bədənin əksər üzvləri, eləcə də, düşüncə və qəlb iştirak edir. Sadalanan səbəblərə görə namaz “ən xeyirli əməl” hesab olunur.

Əgər namaz ən xeyirli əməldirsə və insanın mənəvi təkamülündə böyük təsirə malikdirsə, nə üçün namazqılan müsəlmanlarda bu təsir bir o qədər də müşahidə olunmur? Rəvayətlərdə buyurulur ki, namaz möminin meracıdır. Nə üçün uzun illər namaz qılmış şəxs bir dəfə də olsa, bu meracı hiss etmir? “Ənkəbut” surəsinin 45-ci ayəsini xatırlayaq: «Namaz (insanları) pis və çirkin işlərdən uzaqlaşdırır Bəs, nə üçün bir ömür namazqılan insan yenə də günaha yol verir? Ayə və rəvayətlərdə qeyd olunmuş bir çox xüsusiyyətlərin namazqılanlarda müşahidə edilməməsi sual doğurur.

Cavab budur ki, bizim qıldığımız namaz əsl namazın zahiri formasının oxşarıdır. Çoxumuz yalnız namazın son cümləsində xatırlayırıq ki, namaz qılırmışıq. Çox vaxt yadımıza düşməyən işlər namazda yadımıza düşür və namaz boyu bu işləri götür-qoy edirik. Məsələn, namazdan sonra dərsimiz varsa, namazda dərs mütaliə edirik. Ticarətlə məşğul olanlar namaz zamanı alacaqları və verəcəkləri haqqında düşünür. Əslində, namaz adlandırdığımız bu əməl həqiqi namazın zahiri formasının bənzəridir. Yoxsa, həqiqi namaz insanı pis və çirkin işlərdən uzaqlaşdırır! Bir də, nsanı Allaha yaxınlaşdıran qəlb halətidir. Zahiri gözəllik yalnız batini gözəlliyi tamamlamaq üçündür. Namazın ruhu isə qəlbin iştirakından ibarətdir. Əgər namazda qəlb iştirak etmirsə, bu namaz ruhsuzdur və ruhsuz bir işdən lazımınca faydalanmaq qeyri-mümkündür.

Namaz kimi dəyərli bir gövhər ixtiyarımızdadır. Namazı lazımınca dəyərləndirməməyimiz təəssüf doğurur. Kamilləşmək istəyənlərin çoxu qapı-qapı düşüb kamillik sirrini axtarırlar. Hansı ki, kamilliyə çatmaq üçün namazdan təsirli bir əməl olsaydı, Allah o əməli gizlətməzdi. Axı, aləmlərə rəhmət olan Qurani-Kərimdən başqa çarə nə ola bilər? Əgər namazdan təsirli bir vasitə olsaydı, hökmən Quranda bu barədə məlumat verilərdi. Nə üçün imam Əli (ə) namaza daha çox əhəmiyyət verirdi? Yoxsa o, nədənsə xəbərsiz idi? Həzrət (ə) gündə min rükət namaz qılırdı. Əgər namazdan təsirli ikinci bir əməl var idisə, nə üçün müttəqilər ağası Əli (ə) məhz namaza bu qədər vaxt sərf edirdi? Həzrət (ə) yol gedərkən, şum vurarkən, quyu qazarkən Allahın zikrindən ayrılmazdı. Vacib namazda olan bir çox şərtlər müstəhəb namazda yoxdur. Mümkündür ki, imam Əli (ə) gün uzunu müstəhəb namazlardan ayrılmamışdır. Mərhum Əllamə Təbatəbai yol boyu nafilə namazlarını qılardı. Mərhum Şeyx Qulamrza evdən məscidə, məsciddən evə yol boyu müstəhəb namaza məşğul olardı.

Bir sözlə, əgər namazın əhəmiyyətini bilsəydik, namaza ciddi yanaşar və onun faydalarından məhrum olmazdıq. Həqiqi namazqılanlar bu ibadətin dünya və axirət faydalarını gözəl tanıyır! Pərvərdigara, bizi həqiqi namazqılanlardan qərar ver! (“Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.174-178.)

Maide.az

 

Google+ WhatsApp ok.ru