Namazqılanın libası və məkanı

Namazqılanın libası və məkanı

Namaza tələsin-9

Kişi namaz qılarkən övrətini (ayıb yerlərini) örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizə qədər örtünsün. Qadın isə üz, əllər və topuğa qədər ayaqlarından başqa, bütün bədənini örtməlidir.[1] Namaz qılarkən pak və halal paltar geyinmək lazımdır. Qəsbi, eləcə də, ölü və əti haram heyvanın hissələrindən hazırlanmış libasla qılınan namaz batildir. Yaxşı olar ki, namazqılan şəxs ağ paltar geyinsin, ətirlənsin və sağ əlinə əqiq üzük taxsın. Qara, çirkli və dar paltarlardan istifadə etməsin. Əgər namazqılan şəxs kişidirsə, onun libası xalis ipək və ya qızılla toxunmuş olmamalıdır.

Üzərində namaz qılınan taxta, xalça və məkan halal olmalıdır.[2] Namaz qılınan yer hərəkətsiz olmalıdır. Namaz elə bir yerdə qılınmalıdır ki, onun vacib şərtlərini yerinə yetirmək mümkün olsun. Əgər bir yer alçaq olduğundan ayaqüstə düz dayanmaq mümkün deyilsə və ya rükuya, səcdəyə getmək olmursa, belə bir yerdə namaz batildir.

Namazqılanın alnını qoyduğu yer onun durduğu yerdən o qədər hündür olmamalıdır ki, səcdə forması pozulsun. Vacib ehtiyat budur ki, səcdə yeri oturulan yerdən dörd bağlı barmaqdan artıq hündür və ya alçaq olmasın.

Xüms və ya zəkat borcu olan ölünün mülkünə sahib çıxmaq haramdır və orada qılınan namaz batildir.[3] Xüms və zəkatı verilməmiş pulla alınan mülkə sahib olmaq haramdır və orada qılınan namaz batildir.

Namazqılanın libası və məkanına aid məsələlər çoxdur. Bu nöqtələrdə Allah qarşısında təslimçilik ruhiyyəsindən əlavə keyfiyyətlər də var:

1. Ədəbli olmaq:

İnsanın Allahın əzəməti qarşısında ədəbi onun namazda ən gözəl və təmiz paltarlar geyinməsindən, qəlbi ilə iştirak etməsindən, zahiri və batini səliqədə olmasından ibarətdir. Hətta Peyğəmbər (s) və imamların (ə) qəbirlərinin kənarında qılınan namazlarda da bəzən ədəbsizliyə yol verilir və namaz batil olur.[4]

2. İnsanların hüquqlarına riayət etmək:

Bu şərtlərin bəzisi insanların hüquqlarının qorunması üçündür. Namazqılan şəxsin libasının halal olması islami hökumətin yoxsullarının haqqın (xüms və zəkat) qorunması ilə nəticələnir. Hətta yoldan ötənlərə maneçilik yaranarsa, yol kənarında namaz qılmaq haramdır.[5]

Haqq sahibləri qəlbən razılıq verməlidir. Əgər zahirdə razı olduqlarını desələr, lakin qəlbən razı olmadıqlarını bilsək namaz batil, sahiblik haramdır. Əgər zahirdə razılıq bildirməsələr, lakin qəlbən razı olduqlarını bilsək, namazımız düzgündür.

3. Önəmli məsələlərə riayət etmək:

Əsas məsələlərlə yanaşı, bir sıra müstəhəb məsələlər də var. Bu əməllər İslamın önəmli məsələlərə diqqətli olmasını göstərir. Məsələn, adi halda namazın qəbul olması üçün məkanın mübah, hərəkətsiz, hamar və pak olması şərt qoyulsa da, bəzi yerlərdə (məsələn, məsciddə) namaz qılmaq xüsusi tövsiyə olunur. (“Namazın sirləri” kitabından, Ustad Möhsün Qəraəti, səh.68-69.)

Maide.Az – Maarif bölümü

 



[1] “Tovzihul-məsail”, İmam Xomeyni, 788, 789, 864, 865 və 886-cı məsələlər.

[2] “Tovzihul-məsail”, İmam Xomeyni, 788, 789, 864, 865 və 886-cı məsələlər.

[3] “Tovzihul-məsail”, İmam Xomeyni, 874-cü məsələ.

[4] “Tovzihul-məsail”, İmam Xomeyni, 884-cü məsələ.

[5] “Tovzihul-məsail”, İmam Xomeyni, 898-ci məsələ.

 

Google+ WhatsApp ok.ru