`Nardaran işi - 3`: `Gedin Kürdəxanıda nə qədər istəyirsiz görüşün`

`Nardaran işi - 3`: `Gedin Kürdəxanıda nə qədər istəyirsiz görüşün`

Nardaran hadisələrindən sonra həbs olunan və ağır maddələrlə mühakiməsi davam edən şəxslərdən ikisinin - Ruzi İsmayılov və Ramil Seyfullayevin vəkili Şəhla İsmayılova müdafiə hüququnun pozulmasından narazıdır. Bu məsələyə görə məhkəmədə vəkillə hakim arasında mübahisə yaranıb.
 
Nardaran hadisələri ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan üçüncü qrupun işinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
 
“BURA TƏMAS YERİ DEYİL”
Mayın 8-də hakim elan edib ki, vəkillərdən bəzilərinin gəlməməsi səbəbindən məhkəmə təxirə salınır. Amma vəkil Şəhla Hümbətova hakimə müdafiə hüququnun pozulmasıyla bağlı narazılığını bildirib. Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə işlə bağlı bir sənəd vermək istəyib. Lakin Penitensiar Xidmətin nəzarətçiləri imkan verməyib. Bu da müdafiə hüququnun pozulmasıdır.
 
Hakim Zeynal Ağayevin deməsinə görə, əvvəla, Penitensiar Xidmətin əməkdaşlarının işinə qarışa bilməzlər: "İkincisi, məhkəmə zalı vəkillə təqsirləndirilən şəxsin təmas yeri deyil".
 
Vəkil bu cavabı hakimin təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə ünsiyyətinə qadağa kimi qiymətləndirib: "Bəs mən müdafiəni necə qurmalıyam? Mən hüquqlarını müdafiə etdiyim adamla müzakirə aparmalıyam, ona sənədləri verməliyəm..."
 
“HÜQUQ NORMALARINA ZİDDİR”
Hakim vəkilə belə cavab verib: "Gedin Kürdəxanıda nə qədər istəyirsiz, görüşün, müzakirə aparın, sənəd verin. Məhkəmə zalı onun üçün deyil".
 
Məhkəmənin növbəti iclası mayın 15-nə təyin olunub.
 
Şəhla Hümbətova deyir ki, bu cür münasibət həm yerli qanunverciliyə, həm də beynəlxalq hüquq normalarına ziddir:
 
"Əslində, təqsirləndirilən şəxslər öz vəkillərinin yanında əyləşməlidir. Məhkəmə zalında buna imkan da var. Təəssüf ki, təqsirləndirilən şəxslərə buna icazə vermirlər və onları zalda şüşə kabinədə saxlayırlar. Halbuki, vəkilin daim hüquqlarını müdafiə etdiyi şəxslə ünsiyyətdə olmaq, müdafiə ilə bağlı istənilən məsələni onunla müzakirə etmək hüququ var və buna şərait yaradılmalıdır. İndiki halda, adamları şüşə kabinəyə salıb təcrid etməkləri azmış kimi, ümumiyyətlə, vəkillə ünsiyyətə də imkan vermirlər".
 
Şəhla Hümbətovanın sözlərinə görə, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmayan şəxsi məhkəmə zalında təcrid olunmuş vəziyyətdə saxlamaq həm də təqsirsizlik prezumpsiyası hüququnun pozulmasıdır. (azadliq.org)

Google+ WhatsApp ok.ru