Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

Nardaran hadisələri nəticəsində 5 nəfər dünyasını dəyişib, 14 nəfər həbs olunub. Həbs olunanlar arasında yaralananlar da var. Ancaq kimlərin yaralı olması barədə dəqiq məlumat yoxdur.
 
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Turan agentliyinə ölən və həbs edilənlərin siyahısını təqdim edib.
 
Hadisələr nəticəsində Abbas Hüseyn (Yasamal rayon sakini), Sarvan Səfərov, Əkbər Babayev, Rəfael və Fərahim Bünyadov qardaşları dünyasını dəyişib.
 
Həbs edilənlər isə bunlardır: Taleh Bağırov, Əbülfəz Bünyadov, Rasim Bünyadov, Abbas Tağızadə, Abbas Quliyev, Cabbar Əmiraslanoğlu, Rasim Mirzəbalaoğlu, Kərbəlayı Etibar (Bilgəh sakini), Bəhruz Quliyev, Cihad Balahüseynoğlu (17 yaşı var, yaralıdır), Əlibaba Vəliyev, İbrahim (familyası hələ bəlli deyil), Şahin Əbdüləliyev (Müşfiqabad qəsəbə sakini), Əli Nuriyev.  
 
Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2-si polis olmaqla 7 nəfər ölüb.
 
Saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Google+ WhatsApp ok.ru