''Nardaran işi'' üzrə həbs olunan şəxsin anası vəfat edib

''Nardaran işi'' üzrə həbs olunan şəxsin anası vəfat edib

Ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyatdan sonra həbs olunanlardan biri Şamil Abduləliyevin anası dünyasını dəyişib
 
Onun yas mərasimində iştirakına icazə verilməsi üçün vəkili Zibeydə Sadıqova dekabrın 19-da Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcək. Bu barədə AzadlıqRadiosuna Ş. Abduləliyevin yaxınları məlumat verib.
 
Onların sözlərinə görə, Şamilin həbsindən sonra anası xəstəliyə tutulub. Bir neçə ay müalicə olunsa da, nəticə verməyib.
 
Həbsindən bir az əvvəl Dövlət Gömrük Komitəsində işləmiş Şamil Abduləliyevə 20-dən artıq maddə ilə, o cümlədən qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, silah saxlama və s. ittihamlar irəli sürülüb. İş materiallarında iddia olunur ki, saxlanılarkən onun üzərindən qumbara olub.
 
Lakin Ş. Abduləliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən bildirib ki, ittihamların hamısı yalandır, onlar Nardaranda Əbülfəz Bünyadovun evində Məhərrəm ayı ilə əlaqədar keçirilən ehsan məclisinə toplaşıblar. Ş. Abduləliyevin dediyinə görə, onların heç birində silah-sursat olmayıb, polislər atəş aça-aça içəri giriblər.
 
Nardaran əməliyyatı zamanı yaralanan Şamil Abduləliyev deyir ki, polislər yaraladıqları adamları hadisə yerində atıb gediblər. Onları kənd camaatı əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da Sabunçudakı 3 saylı şəhər xəstəxanasına çatdırıb. Dediyinə görə, reanimasiyada olarkən polislər gəlib və ona həmin vəziyyətdə bir neçə sənədə imza atdırıblar. Hadisədən bir ildən artıq keçməsinə baxmayaraq, ona dəymiş üç güllə hələ də bədənindən çıxarılmayıb. O, yalnız əl ağaclarının köməyi ilə hərəkət edə bilir, məhkəməyə də bu cür gətirilib-aparılır.(meydantv)

 

Google+ WhatsApp ok.ru