Nardaran məhbusunun bədənindəki güllələr 5 ildir ki, çıxarılmır

Nardaran məhbusunun bədənindəki güllələr 5 ildir ki, çıxarılmır

2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında güllələnib, ardınca da həbs olunan Şamil Abduləliyev həyatını itirmək təhlükəsiylə üzləşdiyini bildirib. 
 
Səbəb isə ona vurulan üç güllədən ikisinin ötən beş ildə çıxarılmaması və bunun yaratdığı fəsadlardır. Nardaran məhbusu bu barədə Nizami Rayon Məhkəməsinə ərizəsində yazıb.
 
35-yaşlı Ş.Abduləliyev cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğuna görə həbsdən buraxılması üçün məhkəməyə üz tutub. Ərizəsində göstərib ki, həm özü, həm atası, həm də vəkili ötən beş ildə müalicə olunması, güllələrin bədənindən çıxarılmasından ötrü müxtəlif dövlət orqanlarına məktublar yazıblar. Təxminən üç il öncə Kliniki Tibbi Mərkəzin həkimləri bədənindəki güllələrin yerini, vəziyyətinin dəqiq müəyyənləşdirmək üçün onu kompüter tomoqrafıyadan keçiriblər: "Həkimlərin bildirdiyinə görə, sağ ayaq həddindən artıq nazilib, 10 santimetr qısalıb. Təcili əməliyyatın və güllələrin hər ikisinin sağ ayaqdan çıxarılmasının vacib olduğunu dedilər. Əməliyyata qədər isə sağ ayaq mütləq fizioterapiya edilməliydi. Əgər əməliyyat gecikərsə, sağ ayağın kəsiləcəyi barədə xəbərdarlıq etmişdilər. Bu yaxınlarda baxan həkimlər isə dedilər ki, artıq gecdir, artıq ayaq kəsilməlidir".
 
Ş.Abduləliyevin atası Adil Abduləliyevin Meydan TV-yə verdiyi məlumata görə, oğlu hazırda 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Onun sağlıq durumuyla əlaqədar cəzasının qalan hissəsindən azad edilməsi barədə ərizəsinə baxılarkən özünü məhkəmə gətirməyiblər. Elə saxlandığı müəssisədən videogörüntü vasitəsilə prosesə qoşulub.
 
A.Abduləliyevin sözlərinə görə, dəfələrlə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət ediblər. Onlara bildirilib ki, növbəyə yazılıb, sırası çatanda əməliyyat olunacaq:
 
“Artıq beş ilə yaxındır ki, əməliyyat üçün sırası çatmır. Ağrıları çox şiddətlənib. Anası onun başına gələnlərə dözməyib vəfat etdi. Hazırda ağrıkəsicilər də kömək eləmir, ayağını qatlaya bilmir. Ayağı tamamilə yararsız vəziyyətdədir. Yalnız əməliyyat və amputasiya ilə onun özünü xilas eləmək olar. Ayağı artıq çürüyür, bu da bütün bədəninə zəhərlənmə təhlükəsi yaradır. Belə bir vəziyyətdə onun cəza çəkməsi, həbsdə saxlanması ədalətli deyil”.
 
35 yaşlı Ş.Abduləliyev ali təhsillidir. Həbsindən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Dediyinə görə, onun ilahiyyatçı Taleh Bağırzadəyə qarşı münasibətini biləndən sonra işdən çıxarıblar. 7 yaşlı bir qızı var.
 
Məhkəmənin qərarıyla Ş.Abduləliyev barəsində tibbi şəhadətləndirilmə təyin edilib. Bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Ekspert Komissiyası həyata keçirib. Komissiya belə nəticəyə gəlib ki, hazırkı durumu onun həbsdə saxlanmasına, cəza çəkməsinə imkan verir.
 
Prokuror da Ş.Abduləliyevin həbsdən buraxılmasına etiraz edib.
 
Hakimin qərarı da prokurorun mövqeyinə uyğun olub – Ş.Abduləliyevin ərizəsi təmin edilməyib.
 
Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək. Vəkilin sözlərinə görə, cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etməlidir: “Şamil Abduləliyev artıq əlildir, ayağı amputasiya edilməlidir. Əks halda, həyatı böyük risk altındadır. Himayəsində azyaşlı uşağı var, özü də artıq beş ilə yaxındır ki, həbsdədir. Belə vəziyyətdə o, nə yeni cinayət törədə bilər, nə də sosial ədalət pozula bilər. Ali təhsilli, mədəni adamdır. Həbsdə olduğu dövrdə cəzaçəkmə müəssisəsinin qaydalarını heç vaxt pozmayıb”. 

Google+ WhatsApp ok.ru