Narkomanların sayı artıb, yoxsa qeydiyyata düşənlərin?

“Azərbaycanda 28 min 656 nəfər qeydiyyatda olan narkotik istifadəçisi var”

…29 yaşlı Arzu (ad şərtidir) 8 ildir ki, narkotik maddə istifadəçisidir. Danışır ki, ilk vaxtlar ancaq “toz” və həblər qəbul edirmiş. Daha sonra, bu asılılığı onu daha güclü maddələrdən istifadəyə sövq edib.

“Heroin elə şeydir ki, ondan qopmaq olmur. Əvvəl həzz almaq üçün vururdumsa, sonralar ağrılarımı azaltmaq üçün istifadə edirdim”.

Arzu deyir ki, əvvəllər bu bəladan qurtulmaq istəyib, lakin ətrafdakıların bilməsindən ehtiyatlandığından Narkoloji Dispanserdə qeydiyyata düşməkdən çəkinib. İndi anasının təkidi ilə 2 ilə yaxındır Gəncə şəhərindəki Regional Narkoloji Dispanserdə müalicə alır.

Arzunun anası Zərifə Əliyeva deyir ki, uzun müddət oğlunu müalicəyə cəlb etmək üçün mübarizə aparıb.

“Dispanserə getmək istəmirdi. Nə qədər yalvarırdım, deyirdi ki, yox, birdən kimsə görər, müalicə oluna biləcəyinə də inanmırdı. 1il 8 aydı müalicəyə gedirik. Psixoloji dəstək də alır. Ümid edirəm ki, balam bu bəladan canını qurtara biləcək. Bir ana üçün bundan böyük dərd ola bilməz!”

“Narkotik istifadəçilərinin artmasından çox, aşkarlanması artıb”

Qərb bölgəsində yerləşən Narkoloji Dispanserin baş həkimi Sahil İsmayılov xəstələrin hazırkı sayını açıqlamır. Lakin son 1 ilin göstəriciləri sübut edir ki, narkotik istifadəçilərinin artması ilə yanaşı aşkarlanması daha çox artıb.

“Əvvəllər narkomanlar çəkinirdilər qeydiyyata düşməyə. Çalışırıq insanları anonimliyin qorunacağına inandıraq. Əslində istifadəçilərin sayı qeydiyyatda olanlardan çoxdur. Lakin müraciət edib qeydiyyata düşənlər də yeni istifadəçilər deyil”.

 

 

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2015-ci illə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda bildirilib ki, hazırda Azərbaycanda 28 min 656 nəfər qeydiyyatda olan narkotik istifadəçisi var. 
Narkotik aludəçilərinin 20 min 276 nəfəri opioid, 8 min 380 nəfər kannabinoid qrupuna aiddir. Narkotik istifadəçilərinin 11 min 71 nəfəri (8 min 500 opioid, 2 min 561 kannabinoid qrupuna aiddir) Bakıda qeydiyyatdadır. 
 
Keçən il respublikanın polis orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrlə bağlı 2 min 935 cinayət faktı aşkarlanıb. Bu cinayət faktlarından 786-sı (26,7 faiz) narkotik vasitələrin qanunsuz satışı, 1940-ı (66 faiz) satış məqsədi olmayan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 193-ü (6,5 faizi) narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 16-sı (0,5 faiz) sair cinayətlərlə bağlı olub.   

 

“Narkotik maddə istifadəçilərinin 60 faizi HİV daşıyıcısıdır”

Respublika baş Prokurorluğu da 2014-cü ilin hesabatında gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasının narahatlıq doğurduğunu bildirmişdi.

 

 

“Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva deyir ki, Azərbaycanda narkotik maddə istifadəçiləri üçün reabilitasiya proqramlarının olması vacibdir.

“Narkotikanın dünyada 3 ən böyük gəlir gətirən sahə və Azərbaycanın da transit ölkə olması bu maddələrin ölkəmizdə də satışını və istifadəsini qaçılmaz edir. Qlobal Fondun maliyyə dəstəyi verdiyi, bizim birliyin də qoşulduğu “narkomaniya sahəsində zərərin azaldılması” layihəsi var idi ki, onun çərçivəsində narkomanlar arasında maarifləndirmə işi aparılırdı. Məqsəd onların HİV və AİDS-ə yoluxmasının qarşısını almaq idi. Təəssüf ki, dünya üzrə narkotik maddə istifadəçilərinin 60 faizi HİV daşıyıcısıdır”.

Zülfiyyə Mustafayeva deyir ki, qonşu İranda qadın və kişi narkotik istifadəçiləri üçün 12 reabilitasiya proqramı var. Azərbaycanda isə heç bir proqram belə yoxdur. Əlavə edir ki, narkotik aludəçilərini raebilitasiya edib cəmiyyətə qaytarmaq lazımdır. Belə halda onların müalicəyə cəlb edilməsi də uğurlu nəticə verər.meydantv /

 

Google+ WhatsApp ok.ru