Natiq Kərimovun cinayət işi yenidən icraata verilib

Natiq Kərimovun cinayət işi yenidən icraata verilib

Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi yenidən icraata verilib.
 
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.
 
Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi hazırlıq iclasında hakim özünə etiraz verib. Bildirib ki, cinayət işi ilə tanış olan zaman həmin iş üzrə istintaqın Dövlət Təhlükəsizlik Xidmətində aparıldığı məlum olub: "Həmin iş üzrə istintaq qrupunun üzvü isə oğlum Emil İsmayılzadədir. Bu halda qanunvericilik işə mənim sədrliyimlə baxmağa imkan vermir".
 
Digər hakimlər Cavid Hüseynov və Əlisultan Osmanov etirazı müzakirə ediblər. Onların qərarına əsasən, etiraz təmin olunub. Cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə göndərilib.
 
Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin qurumun tapşırıqlarını yerinə yetirməkdə, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilir.
 
N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. apa /
 
 

Google+ WhatsApp ok.ru