Natiq Cəfərli: “Mərkəzi Bank manatın dollara nisbətini 2 manat ətrafında sabitləşdirmək istəyir”

Natiq Cəfərli: “Mərkəzi Bank manatın dollara nisbətini 2 manat ətrafında sabitləşdirmək istəyir”

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərracda 1 ABŞ dolları üçün 1,8285 məzənnəsi formalaşıb.
 
İqtisadçı ekspert Natiq Cəfərli Deyerler.org-la fikirlərini bölüşərkən dyeib ki, Mərkəzi Bank hədəf kimi müəyyən etdiyi həddə çatdıqdan sonra, məzənnəni həmin həddə sabitləşdirməyi düşünür: “Biz artıq dollarla bağlı fərqli bir strategiya görürük. Mərkəzi Bank manatın dollara nisbəti ilə bağlı qarşısına bəlli bir hədəf qoyub. Bu da təqribən 2 manatın altında olan bir rəqəmdir. Mərkəzi Bank bu həddə tez çatmaq və bundan sonra makroiqtisadi göstəriciləri tənzimləməyi düşünür. Manatın adını nə qədər üzən məzənnə qoysalar da heç kimə sirr deyil ki, məzənnə inzibati qaydada Mərkəzi Bankın qəbul etdiyi qərarlarla müəyyənləşdirilir. Çox güman ki, Mərkəzi Bank hədəf kimi müəyyən etdiyi həddə çatdıqdan sonra, məzənnəni həmin həddə sabitləşdirməyi düşünür. Dünyada baş verən hadisələrin tam əksi olaraq, Azərbaycanda bu gün manatın ən yüksək faizli sıçrayışlarından biri müşühidə etdik. Bir gün ərzində məzənnədə 2,5 qəpiklik artım baş verdi. Bu bir daha onu deməyə əsas verir ki, Azərbaycandakı iqtisadi proseslərin dünyada gedən iqtisadi proseslərlə heç bir paralelliyi yoxdur. Bu gün dünyada dollar digər valyutalara nisbətən ucuzlaşır. Bu onu deməyə əsas verir ki, ölkəmizdə məzənnənin müəyyənləşdirilməsi Mərkəzi Bankın strategiyası ilə müəyyən edilir. Düşünürəm ki, Mərkəzi Bank manatı nəzərində tutduğu məzənnəyə çatdırdıqdan sonra, əlində olan vəsaitlərlə məzənnəni həmin həddə saxlamağa çalışacaq”.
 

Google+ WhatsApp ok.ru