Natiq Kərimovun həbsinə ictimaiyyət nümayəndələrinin münasibəti

Yanvarın 7-də  Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbslə bağlı yaydığı açıqlamada göstərilib ki, Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, 2016-cı il yanvarın 7-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 
 
Maide.az Natiq Kərimovun həbsi ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. 
 
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu öz "facebook" səhifəsində bununla bağlı açıqlama vermişdir. İlqar İbrahimoğlu yazır ki,  "Hörmətli Nardaran Ağsaqqalı Kərbəlayi Natiq Kərimovun həbsini ölkəmiz üçün çox zərərli sayıram. Kərbəlayi Natiq Kərimovu mömin və vətənpərvər bir insan kimi tanıyıram. Onun Vətənə xəyanət kimi maddələrlə ittiham olunmasını, ağlasığmaz bir hal kimi dəyərləndirirəm. Hesab edirəm ki, həmişə problemlərin məntiq və təmkin üzərində cözülməsinə çalışan bir insanı, nəinki həbs etmək, əksinə onun müdrik ağsaqqal sözünə daha diqqətlə və sayğı ilə yanaşmaq məntiqli olardı. Bütün bunlardan əlavə, sırf prosessual baxımından, səhhətində ciddi problemi olan ahıl insanı azadlıqdan məhrumetmə ilə bağlı qəti imkan tədbirinə məruz qoymaq - qətiyyən anlaşılan deyil. Uca Allahdan bütün müşküllərin təcili həllini diləyirəm".
 
 
 
AİP-dən İslaminsesi xəbər portalına daxil olan məlumata görə, partiya Nardaran ağsaqqalı Natiq Kərimovun həbsi ilə bağlı narahatçılığını ifadə edərək ölkəmizin hüquq mühafizə orqanlarına N.Kərimovun barəsində irəli sürülən ağır ittihamın ləğv edilməsi barədə müraciət etmişdir.
Müraciətdə deyilir:
Bakının Nardaran qəsəbəsinin hörmətli ağsaqqalı Natiq Kərimov barədə irəli sürülən ağır ittiham - vətənə xəyanət gözlənilməz bir ittihamdır. Natiq Kərimovu tanyanlar bilirlər ki, o, sakit təbiətli, vətənpərvər, qanunçuluğu sevən bir insandır. Bir ictimaiyyətçi kimi də N. Kərimov ekstrimal situasiyalarda hər kəsi ictimai sabitliyi qorumağa, qanunlara, hüquq-mühafizə orqanları əməkdaşlarının tələb və gostərişlərinə diqqətlə yanaşılmağa və riayət etməyə dəvət etmiş, heç bir təxribata getməməyə çağırmışdır. O, heç zaman insanları təxribata səsləməmiş, əksinə, bu halların yolverilməz olduğunu bildirmişdir. Kənd ağsaqqalı olmaqla Natiq Kərimov qəsəbədə cərəyan edən son hadisələrdə də kənd sakinlərinə təmkinli davranmağı, küçə və meydanlardan evlərinə çəkilməyi tövsiyyə etmişdir. Bəzən bu xüsusiyyətlərinə görə N. Kərimov bəzi ünsürlər tərəfindən tənqid olunsa da, o, buna məhəl qoymayaraq sabitliyin təmin edilməsində əlindən gələni əsirgəməmişdir. 
Biz hesab edirik ki, Natiq Kərimov barədə həbs-qətimkan tədbirinin seçilməsi və şübhəli şəxs qismində vətənə xəyanət ittihamı ilə təqsirləndirilməsi başadüşülən deyil. Ümid edirik ki, barəsində ağır ittiham irəli sürülən Natiq Kərimovun istintaqı hüquq-mühafizə və təhlükəsizlik xidməti orqanları tərəfindən tam obyektiv aparılacaq, əməlində bu kimi halların olub-olmaması barədə düzgün qərar qəbul olunaraq azadlığı təmin ediləcək.
Qeyd etməliyik ki, bu gün cəmiyyətdə ağsaqqal sözünün önəmi nəzərə alınaraq belə insanlara qarşı hər hansı bir qərəz yolverilməz hesab olunmalı, əksinə, belələrinin hörmətinin məxsus olduqları cəmiyyətlərdə daha da qaldırılmalıdır. Bizcə bu, cəmiyyətin mənəvi yüksəlişinə və düzgün istiqamətləndirilməsinə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına xidmət etmiş olacaq.
Natiq Kərimov ölkə ictimaiyyəti tərəfindən həqiqətən sağlam düşüncəli insan, ağsaqqal kimi tanınır. Həm də onun fiziki cəhətdən qüsurlu olması nəzərə alınmaqla humanizm baxımından bu gün təcridxanada saxlanması düzgün sayılmır. Düşünürük ki, məhkəmə araşdırması olmadan onun ev dustaqlığında saxlanması və istintaq edilməsi daha ədalətli olardı.
 
 
Azadliq.info qəzetinin internet səhifəsinin məlumatına görə, AXCP sədri Əli Kərimli də Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsinə münasibət bildirib. “Əminəm ki, facebookdakı əksəriyyət Natiq bəyi Nardaran hadisələrindən sonra tanıyıb. Nardaranda əməliyyat keçirilən günlərdə mətbuata, ictimaiyyətə kənddən yalnız Natiq bəy məlumat verirdi. Biz yaxşı xatırlayırıq ki, Natiq bəy həmin çətin günlərdə həmkəndlilərini təmkinli olmağa, polisə müqavimət göstərməməyə, hökumətlə dialoqa getməyə, silahı olanları silahlarını təhvil verməyə çağırırdı. Natiq bəy Milli Şuranın üzvü olaraq hər zaman hakimiyyətlə yalnız dinc mübarizənin tərəfdarı olduğunu bildirib. Yaxşı yadımdadır, hətta müsahibələrinin birində demişdi ki, kənddə kiminsə silahı olduğunu bilsə, silahı alıb həmin adamın başına vurar. Nardaranda daha böyük gərginlik yaranmadığına görə hamımız o ağsaqqala minnətdar olmalıyıq. Natiq Kərimov Milli Şuranın Avropa Birliyinə inteqrasiya ilə bağlı siyasi bəyannaməsini imzalamış ağsaqqal din xadimlərindən biridir. Səhhətində ciddi problemlər olan, demokratik ruhlu, dövlətimizə, onun bayrağına ürəkdən bağlı bir ağsaqqalı dövlətə xəyanətdə ittiham etmək absurddur. Natiq bəyi də digər siyasi məhbusları da azad etmək, ölkənin həlli vacib olan sosial-iqtisadi problemlərilə məşğul olmaq lazımdır”.
 
 
Meydan.tv-nin məlumatına görə, həbsdə olan jurnalist, siyasi məhbus Xədicə İsmayıl da Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi məsələsinə münasibət bildirib: "Mən şantajla üzləşəndə Nardaran Ağsaqqallar Şurası və Natiq Kərimov ateist jurnalistə dəstək göstərmişdilər. Məşədi Natiq dünyəvi yanaşmasıyla fərqlənən dindarlardan biridir. Onun İran kəşfiyyatı, yaxud dini strukturlar ilə əlaqəsi barədə deyilənlər cəfəngiyyata bənzəyir. Zatən hər bir müxalifə, tənqidçiyə heç olmasa bir dəfə xarici casus damğası vurulmayıbmı? Nə mən, nə də ağlı başında olan başqa adamlar yalançı casus nağıllarına inanmırıq. Görünən budur ki, MTN-in sadəcə adı dəyişib, mahiyyətcə DTX Mahmudov-Çovdarov bandasının üslubunu davam etdirir. Mən, ateist, dünyəvilyin təəssübkarı İranın təsirindən ehtiyatlanan bir adam kimi bu ittihamı təbəssümlə qarşıladım”.
 
 
 
Vəkil Cavad Cavadov da Natiq Kərimova qarşı irəli sürülən bu ittihamı inandırıcı hesab etmir:
 
“Natiq Kərimov Milli Şuranın üzvü, Nardaran Ağsaqqalar Şurasının sədri olmaqla daim siyasi-ictimai proseslərdə aktivliyi ilə seçilirdi və Nardaran hadisələrindən sonra dəfələrlə ola bilsin ki, kimlərinsə xoşuna gəlməyən açıq və sərt danışıb. Bu da kənddə tutduğu statusdan və inancından irəli gəlirdi. Оnun Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə ittiham olunmasına dair rəsmi qurumun açıqlamasından görünür ki, guya o, uzun müddət dövlətin zərərinə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq, casusluq edib. Casusluq etmək üçün Natiq Kərimovən azından hansısa məlumat daşıyıcı olmalı idi, yəni elə bu məqam ittihamın inandırıcı olmadığını göstərir”.
 
 
Milli Şuranın sədri Cəmil Həsənli  Facebook səhifəsində dərc etdiyi məqalədə Nardaran hadisələrini 1937-ci il Stalin represiyası ilə müqayisə edir.  C.Həsənli yazıb:  “Dostlar! Gözümüzün qarşısında bir kəndin dramı, bir kəndin faciəsi baş verir. Söhbət 6 həftəyə yaxındır ki, səmasında qara buludlar dolanan Nardaran kəndindən gedir. Noyabrın 26-da Daxili İşlər Nazirliyinə məxsus qüvvələr kənddə xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər Azərbaycan vətəndaşı həyatını itirdi. Bir kənd hüdudlarında keçirilən əməliyyat zamanı bu qədər adamın həyatını itirməsi yolverilməzdir. Uzun müddət Nardaran mühasirədə saxlanıldı, kəndə giriş-çıxış qadağan edildi, borc bəhanəsi ilə yaşayış məntəqəsinin qazı, suyu, işığı kəsildi. Əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının sədri Hacı Tale Bağırzadə başda olmaqla onlarla adam ibadət zamanı həbs edildi. Halbuki, hüquq mühafizə orqanlarının, hətta ifşa olunmuş keçmiş MTN-nin çağırışlarına belə o, vaxtında reaksiya vermişdi. Onu və tərəfdarlarının həbsi üçün insan ölümü ilə nəticələnən əməliyyat keçirməyə heç bir ehtiyac yox idi. Ay yarıma yaxındır Nardaranda həbslər səngimək bilmir. Bu gün kənd ağsaqqalı Kərbəlayi Natiqə vətənə xəyanət ittihamı ilə cinayət işi açıldı və bu vətənsevər ağsaqqal haqqında dördaylıq həbs qətimkan tədbiri seçildi. Kərbəlayi Natiq Kərimov Milli Şuranın üzvüdür, bütün varlığı ilə bu millətə, bu xalqa, bu dövlətə bağlı bir ağsaqqaldır. O, kamil iman sahibi, radikallıqdan uzaq şüurlu bir dindardır, mövqeyi olan bir vətəndaşdır, Azərbaycan bayrağı həmişə başının üzərində, vətən sevgisini ürəyində daşıyıb. Ona qarşı irəli sürülən ittiham çox ağırdır. Son vaxtlar belə ittihamların sayı çoxalıb. Leyla və Arif Yunuslar da bu maddə ilə cəzalandırılmışdı, onlardan əvvəl Hilal Məmmədov da vətənə xəyanət adı altında həbsdə saxlanılır, lap bu yaxınlarda tanınmış jurnalist Rauf Mirqədirov da “vətən xaini” çıxarıldı. İndi vətənin bir parçası olan Nardaranda da hər kəsin başı üzərində bu ittiham dolaşmaqdadır. Bir kəndin ucdantutma cəzalandırılması sonuncu dəfə 1937-ci ildə baş verib. Azərbaycan Daxili İşlər Xalq Komissarının müavini Sumbatovun qurduğu əməliyyat nəticəsində İsmayıllı rayonunun Kürtmaşı kəndində 16 yaşından 76 yaşına qədər bütün kişi əhalisi həbs edilmişdi. Guya bir kəndin əhalisinin məqsədi Azərbaycanda sovet hökumətini devirib köhnə quruluşu bərpa etmək imiş. Amma bu ittihamı, xüsusilə kənddə antisovet üsyançı dəstənin olduğunu əsaslandırmaq üçün silah olmalı idi. Ucdantutma həbs edilən ailə başçılarının həyat yoldaşlarını istintaqa cəlb etdilər, onlardan üsyançıların silahlarını tələb etdilər. İşgəncələr çox ağır idi, əksəriyyəti erməni olan müstəntiqlər işgəncələr hesabına kənd qadınlarından həyat yoldaşları, qardaşları əleyhinə guya onların silahları olması barədə təsdiqləyici ifadələr almalı idilər. İşgəncələr o qədər dözülməz idi ki, 8 aylıq hamiləliyini yaşayan gənc qadın Zərnişan Əzizova bu vəhşiliyə dözməyib uşaq saldı və uşaqla bərabər özü də həyatını itirdi. Yalnız bu metodlarla müstəntiqlər Kürtmaşı üsyançı dəstəsinin silah-sursatı haqqında ifadələr ala bildilər. İndi təxminən 80 il sonra müstəqil Azərbaycanda Nardaran təxmin belə bir tale yaşayır. Kənddə guya Azərbaycanın konstitusiya quruluşunu dəyişməyə cəhdlər olub, radikal islam qruplaşması fəaliyyət göstərib. Bir kəndin bütün əhalisi bu cəfəng ittihamın əzabını çəkir. Əldə olunan məlumatlara görə, silah axtarışı adı ilə maska geyinmiş silahlı DİN əməkdaşları qəflətən evlərə daxil olur, qadınlar və uşaqlar bu dəhşətli mənzərəni yaşayır. Qadınların keçirdiyi iztirabların, Nardaran uşaqlarının keçirdiyi psixoloji şokun bədəlin kim ödəyəcək. Axı, bu zavallılar Azərbaycan analarıdır, Azərbaycan körpələridir. Həbs olunmuş insanlara işgəncə verilməsi barədə məlumatlar var idi. Uzun müddət onların vəkillərlə əlaqəsinə imkan verilməməsi bu ehtimalları daha da artırırdı. Bu günlərdə aydın oldu ki, Hacı Tale Bağırzadənin burnunu sındırıblar. Bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat yayıb. Vəkilin sözlərinə görə, Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb. Özünün bildirdiyinə görə, bu yolla ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin alınmasına cəhdlər edilib. Sual olunur Nardaran məhbuslarına qarşı törədilən işgəncələrin vaxtilə Kürtmaşı sakinlərinə qarşı törədilən işgəncələrdən fərqi nədir? Kim müstəqil Azərbaycanda 1937-ci ilin istintaq metodlarını bərpa etməyə icazə verib, hansı əsasla insanlarla belə rəftar edirlər? Azərbaycan vətəndaşlarlarının can və mal güvənliyinə təminat verən dövlət rəsmiləri bəs hara baxırlar. Biz bu yaxınlarda Azərbaycanın MTN adlı dövlət qurumunun ifşa olunmuş buna bənzər əməllərinin şahidi olduq. Törətdikləri cinayətin şiddətindən bəzi keçmiş yüksək vəzifəli MTN zabitlərinin özlərini intihar etmələri barədə yayılan məlumatlar görünür bəzilərinə dərs olmayıb."
 
 
Azərbaycan Ruhanilər Məclisi (ARM)  Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi ilə bağlı bəyanat yayıb.
Maide.az xəbər verir ki, bəyanatda bildirilir: "Bismillahir-rəhmanir-rəhim
Azərbaycan Ruhanilər Məclisi (ARM) son günlərdə Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimovun  həbsə məhkum edilməsini pisləyir və atılan addımı inanclı insanın siyasi fəaliyyəti ilə bir başa əlaqəli hesab edir. Hacı Natiq Kərimov şəxsiyyəti bu ölkədə məchul sima deyildir.  Biz onu ölkənin çiçəklənməsi istiqamətində dinc və sağlam mübarizə yolu seçmiş insan kimi tanıyırıq. 
Azərbaycan Ruhanilər Məclisi (ARM) ölkədə mövcud olan neqativ halları dilə gətirən insanların əsassız ittihamlarla həbs edilməsini idarəetmənin uğurlu yolu hesab etmir, əksinə ictimai nəzarəti bitirən amil kimi qəbul edir. ARM  ölkədə mövcud olan bu ağır durumda vətəndaşların istək və sıxıntılarını dilə gətirən insanların əzilməsini bir mənalı olaraq yol verilməz hesab edir."
 
 
 

 

Google+ WhatsApp ok.ru