NATO üzvləri Ukrayna və Gürcüstanı zaldan çıxardılar

NATO üzvləri Ukrayna və Gürcüstanı zaldan çıxardılar

NATO-nun iyulun 12-də Brüsseldə keçirilən sammitində ABŞ prezidenti Donald Trump alyansı yenidən kəskin tənqid etməyə başlayıb. Vəziyyəti belə görən NATO liderləri alyans üzvü olmayan Ukrayna və Gürcüstan prezidentlərini zaldan çıxmağa çağırıb. Bundan sonra müttəfiqlərin öncədən planlaşdırılmayan görüşü başlanıb.
 
AzadlıqRadiosunun Brüsseldəki müxbiri Qara dənizdə təhlükəsizliklə bağlı toplantıdan sonra belə bir görüşün keçirildiyini təsdiqləyib. Bundan sonra Əfqanıstana dair görüş nəzərdə tutulub.
 
“Reuters” adı çəkilməyən iki mənbəyə istinadla yazır ki, Trump bugünkü toplantıda NATO müttəfiqlərini müdafiə xərcləri, Avropanın ticarət praktikasıyla bağlı yenidən sərt tənqid etməyə başlayıb.
 
Məhz bundan sonra NATO liderləri alyansa üzvü olmayan Ukrayna və Gürcüstan prezidentlərinin zaldan çıxmasını istəyib, müttəfiq danışıqları başlanıb.
 
İyulun 12-də iclas gedən vaxt Trump tvitində yazıb ki, NATO ölkələri “ÜDM-nin 2%-ni 2025-ci ilədək deyil, DƏRHAL ödəməlidirlər”.
 
Trump iyulun 12-də başqa bir tvitində yazıb: “ABŞ Avropaya yardım olaraq on milyardlarla dollar ayırır və ticarətdə xeyli itki verir!”
 
ABŞ prezidenti daha öncə NATO üzvlərini 2014-cü ildə götürülmüş öhdəliyə əməl etməyə, 2024-cü ilin sonunadək ümumdaxili məhsulun 2 faizini müdafiəyə xərcləməyə çağırıb.
 
O, iyulun 11-də avropalı həmkarlarını lap karıxdırıb, deyib ki, hərbi xərcləri ikiqat artırmalı – ÜDM-nin 4 faizinə çatdırmalıdırlar.
 
NATO-nun statistikasına görə, bu, Birləşmiş Ştatların hazırda xərclədiyindən çoxdur.
 

Google+ WhatsApp ok.ru