NATO İraqda hərbi baza yaradır

NATO İraqda hərbi baza yaradır

NATO İŞİD-lə mübarizə çərçivəsində İraq ordusuna təlim keçilməsi məqsədilə İraqda hərbi baza təşkil edir.
 
İslamazeri.az "Time Turk"-ə istinadən xəbər verir ki, NATO İraq Silahlı Qüvvələrinə təlim keçilməsi üçün İraqa beynəlxalq briqada yerləşdirir.
 
Müxtəlif ölkələrdən gələcək olan təlimçilər İraqlı qüvvələrə kustar üsulla hazırlanmış partlayıcıların (IED) necə məhv edilməli olduğunu izah edəcək. İraq ordusunun İŞİD-lə mübarizədə daha aktiv bir şəkildə irəliləməsini təmin etmək məqsədilə hazırlanan proqram NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı çərçivəsində həyata keçiriləcək.
 
Rumıniya ordusunda vəzifəli mayor Qeorqi Draqos NATO-nun İraq təhlükəsizlik qüvvələrinin gələcək vəzifələrini daha yaxşı bir şəkildə reallaşdırmaları üçün İraqdakı təlimçilərin iş planlaşdırılması, təkmilləşdirilməsi və həyata keçirilməsini tələb etdiyini ifadə edib. Draqos "Bizim bu məsələdəki əsas hədəfimiz təlim iştirakçılarının təlim keçən digər iştirakçılara kustar üsulla hazırlanmış partlayıcıların necə zərərsizləşdiriləcəyini öyrətmək üçün lazımlı bilik və bacarıqları qazandıraraq keyfiyyətli təlim tətbiq etməkdir. Buna görə də məsuliyyətimiz son dərəcə böyükdür. Çünki tələbələrimiz döyüşçüdür və təlimdən sonra döyüşəcəklər" - deyib.
 
İspaniya ordusunda vəzifəli polkovnik olan Xuan Enrike Qomez Martin isə vəzifələrinin partlayıcılarla mübarizə məsələsində NATO-nu dəstəkləmək olduğunu qeyd edərək, "Kustar üsulla hazırlanmış partlayıcılar aşağı qiymətli silahlardır, əldə etmək olduqca asandır və son dərəcə də təsirlidir. Qorxunu və terroru alovlandırmaqla yanaşı insanların ölümünə də səbəb olur. Bu partlayıcılara qarşı mübarizə aparmaq məcburiyyətindəyik və bu da bizim mərkəzimizin vəzifəsidir" - deyə bildirib.
 

Google+ WhatsApp ok.ru