Navalny həbsdə xəstəxanaya yerləşdirilib

Navalny həbsdə xəstəxanaya yerləşdirilib

Rusiya müxalifətçisi Alexei Navalny həbsdə xəstəxanaya yerləşdirilib, həkimi onun “kimyəvi maddənin təsiri”ndən müalicə aldığını deyib. Polis həbsxana qarşısına yığışmış 20-dən artıq adamı dağıdıb, bir jurnalisti isə həbs edib.
 
Twitter-də yayılmış videodan iyulun 29-da xəstəxana qarşısına gedən polisin oraya yığışmış adamları saxladığı, təqib etdiyi görünür.
 
Dojd internet televiziyasının hadisə yerindəki əməkdaşı isə saxlanıb.
 
​Həkim zəhərlənmə ehtimalını istisna edə “bilmir”
 
Navalny-nin həkimi Anastasiya Vasilyeva Facebook-da yazıb ki, o, Kremlin tənqidçisi olan siyasətçinin hakimiyyətin dediyi kimi, “kəskin allergik reaksiya”dan əziyyət çəkdiyinə inanmır.
 
O, kardioloq Yaroslav Ashikhmin ilə birlikdə iyulun 28-də Navalny ilə qapı arasından qısaca danışa bilib və o, siyasətçinin zəhərləndiyini istisna edə bilmədiyini söyləyib.
 
Navalny-nin sözçüsü Kira Yarmysh-in sözlərinə görə, o, xəstəxanaya “üzündə kəskin şiş və dərisində qırmızı səpkilərlə” çatdırılıb.
 
O, Navalny-nin daha öncə “heç vaxt allergik reaksiyadan əziyyət çəkmədiyini” vurğulayıb.
 
Siyasətçinin durumu barədə rəsmi informasiya verilməyib, Rusiyanın Daxili İşlər Nazirliyi Qərb agentliklərinin şərh üçün müraciətini cavablandırmayıb.
 
Navalny ötən həftə 30 günlüyə həbs olunub. O, iyulun 27-də Moskvada icazəsiz aksiyaya çağırmışdı. “Frans Pres” polisin həmin yürüşdə 1400-dən artıq adamı saxladığını xəbər verib.
 
Nümayiş Moskvanın seçki rəsmilərinin hərəkətlərini pisləmək üçün çağırılıb. Onlar sentyabrın 8-də 45 yerlik Moskva Dumasına seçkiyə müstəqil və müxalifət namizədlərini qeydiyyata almaqdan imtina edirlər.
 
Navalny-in köməkçisi Leonid Volkov iyulun 28-də tvitində yazıb ki, o, ötən ay Navalny-nin qaldığı kamerada cəza çəkərkən eyni duruma düşüb.
 
Volkov “konspirasiya” söhbətlərini rədd edib, təcridxanada gigiyenik standartları “ciddi yoxlamağa” çağırıb.
 
Navalny son illər dəfələrlə həs olunub, üst-üstə 200 gündən çox həbs cəzası çəkib. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru