Naxçıvanda avtomobillərin havanın mühafizəsinə dair tələblərə uyğunluğunu təsdiqləyin sertifikatlaşdırma qaydası müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası ərazisində yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları”nı təsdiq edib.
 
Maide.az-ın məlumatına görə, sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran obyektlərin idxalının və istehlakının qarşısını almaq məqsədi ilə keçirilir.
 
Bu Qaydaların müddəaları təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Naxçıvan Muxtar Respublikası ərazisində atmosfer havasının çirklənməsinə təsir göstərə bilən fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir. Obyektlərin atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırma proseslərini Naxçıvan Muxtar Respublikasının sertifikatlaşdırma orqanı - Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və xüsusi təyin edilmiş orqan - Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Uyğunluq sertifikatının verilməsi qaydalarını Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə hazırlayıb təsdiq edirlər. Sertifikat 2 il müddətinə verilir. İdxal olunan avadanlıqların müvafiq sertifikatlarının tanınması qanunvericiliyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

Google+ WhatsApp ok.ru