Naxçıvandakı kredit güzəşti başqa regionlarda da olacaqmı?

Bu suala «Azadlıq» qəzeti cavab axtarır.
 
Qəzet yazır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin:
 
«Deməli, Naxçıvan sakinləri köhnə məzənnə ilə ödəniş edəcəklər. Təbii ki, Naxçıvanda belə bir güzəştin tətbiq edilməsi yaxşı haldır və 1 nəfər vətəndaşın da yükdən azad olunmasına sevinirik. Amma ortaya əsaslı suallar çıxır. Niyə bu güzəştlər bütün ölkə boyu həyata keçirilmir? Bəlkə, Naxçıvanda xüsusi neft-qaz çıxır, xəbərimiz yoxdur? Axı, Naxçıvan iqtisadiyyatı da Azərbaycan iqtisadiyyatının bir hissəsidir və eyni potensiala malikik. Necə olur ki, ölkədə mənfi reputasiyaya malik olan bir adam belə bir qərar qəbul edə bilir, amma «sürətli inkişaf edirik» deyən prezident bu addımı ata bilmir?».
 
Qəzet hesab edir ki, kompensasiya bütün ölkəyə şamil olunmalıdır: «Unutmayın ki, Ukraynada, Qazaxıstanda, Yunanıstanda analoji hal baş verdi və hökumət xalqın xeyrinə qərar çıxardı. Azərbaycanda isə yalnız bir bölgədə kompensasiya qərarı verilir və hökumətin ayrıseçkiliyi ortaya çıxır. Naxçıvan başqa bir dövlət deyil və Naxçıvana gedən pullar da Azərbaycan büdcəsindən ayrılır». /

Google+ WhatsApp ok.ru