Nazim Ağabəyovun harda saxlandığı bilinmir

Nazim Ağabəyovun (“Meydan TV” on-line televiziyasının rəhbəri Emin Millinin qaynı) doğmaları onun niyə və harada saxlanıldığını bilmirlər.
 
“Oğlumu niyə həbs etdikləri barədə məlumatım yoxdur. Bizim onunla heç bir əlaqəmiz olmayıb. Müstəntiqlər bizimlə əlaqə yaratmayıblar. Hələlik vəkilimiz yoxdur. Yalnız bir şey deyə bilərəm. Oğlum çox sakit insanır və ən yaxşı proqramçılardan biridir”, deyə N.Ağabəyovun atası, məşhur rəssam Mais Ağabəyov "Turan İA"ə bildirib.
 
O qeyd edib ki, oğlunu bir neçə gün əvvəl saxlayıblar, bu zaman ətraflı açıqlama verməyiblər.
 
Almaniyada yaşayan siyasi mühacir, “Meydan TV” internet layihəsinin rəhbəri Emin Milli iyulun 27-də bildirib ki, Azərbaycanda onun qaynı narkotik saxlamaq ittihamı ilə həbs edilib.
 
“İnternet texnologiyaları sahəsində mütəxəssis və qaynım Nazim Ağabəyov absurd narkotik saxlamaq ittihamı ilə həbs edilib, o, 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu, prezident Əliyevin şəxsən mənə qarşı intiqamıdır.
 
Son vaxtlar hakimiyyət belə bir təcrübə seçib – onları tənqid edənlərin qohumlarından qisas almaq”, deyə Milli öz facebook səhifəsində yazıb.
 
“Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Almaniya və digər Avropa hökumətləri baş verənləri sakitcə müşahidə edir, öz biznes maraqları naminə bu kriminal rejimlə yaxşı münasibətləri davam etdirir. Bu ikiüzlülük Əliyev və Putin rejiminə öz hakimiyyətlərini qoruyub saxlamaqda kömək edir”, deyə o yazır.
 
Turan-ın DİN-in mətbuat xidmətindən şərh almaq cəhdi nəticə verməyib.

Google+ WhatsApp ok.ru