Nazir: ”12 illik təhsilə keçidlə bağlı digər dövlətlərin uğurlu və uğursuz təcrübələri öyrənilir”

“Azərbaycanda 12 illik təhsilə o zaman başlanacaq ki, bizim seçdiyimiz yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olacağıq.
 
Təbii olaraq belə bir proses və keçid həm təhsil sisteminin fəaliyyət formasının, formatının dəyişdirilməsi, həm də dövlət və cəmiyyət tərəfindən lazım olan resursların cəlb edilməsi ilə müşahidə olunmalıdır”.
 
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
 
Nazir qeyd edib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsilə keçid nəzərdə tutulub. Onun sözlərinə görə, ümumilikdə bu, hazırda dünyada universal bir minimum müddət kimi müəyyənləşdirilib: “Ötən həftə keçirilən Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bir daha öz əksini və təsdiqini tapıb. Lakin burada bir neçə mühüm məqam nəzərə alınmalıdır. Birincisi, 12 illik təhsilə özlüyündə məqsəd kimi baxılmır və baxılmamalıdır. 12 illik təhsil keçid bir vasitədir. Azərbaycanın təhsil sisteminin əmək bazarı üçün dövlətin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə rəqabət davamlığının artırılması üçün bizim şagirdləri, gənc nəsli və vətəndaşları daha rəqabətli və daha yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırmaq və onların gələcək həyatı üçün daha yaxşı alətlər, bilik və bacarıqlar vermək lazımdır. Həmçinin, ümumilikdə sosial-iqtisadi inkişafı məqsədlərinə xidmət edən vətəndaşları formalaşdırmaqdır. Bu məqsədlərə nail olmaq üçün ümumi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, onu müasir dünya standartları səviyyəsinə çatdırılması və həm təhsilin məzmunu, həm təhsilin metodikası, ümumi təhsil sisteminin təşkili nöqteyi-nəzərdən addımların həyata keçirilməsidir. 12 illik təhsilə keçidə məhz bu prizmadan baxılmalıdır. Sadəcə olaraq, məktəbdə oxunulan illərin sayına mexaniki bir keçid kimi baxmaq və bunu təqdim etmək kifayət qədər sadələşdirilmiş bir yanaşma ola bilərdi. Məhz bu məqsədlər-keçiddən gözlədiyimiz nəticələrə nail olmaq məqsədilə hazırda Azərbaycan Təhsil Nazirliyi tərəfindən hazırlıq işi, ekspertlərlə məsləhətləşmə, digər dövlətlərin bu sahədə uğurlu və uğursuz təcrübələri öyrənilir”.

Google+ WhatsApp ok.ru