Nazir: Azərbaycanda mobil xidmətlərin qiymətləri düşəcək

Bütün mobil operatorlar arasında mübadilənin qiyməti 3 qəpiyə endiriləcək.
 
Maide.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, mobil xidmətlərin ucuzlaşması üçün ilk növbədə operatorlar arasında olan tənzimləmə funksiyaları daha da sadələşdirilməlidir.
 
Nazirin sözlərinə görə, yaxın vaxtlarda bütün mobil operatorlar arasında olan mübadilənin qiyməti 3 qəpiyə endiriləcək:
 
“Bu o deməkdir ki, indi 5 qəpiyə olan xidmət 3 qəpiyə endirilirsə, bu, mobil xidmətlərin qiymətlərinin də düşməsi üçün yeni şərait yaradacaq.
 
Bu tənzimləmə, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bunlar da imkan verir ki, mobil operatorlar qiymətləri salsınlar. Amma nəzərə almaq lazımdır ki, mobil xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənmir və rəqabət əsasında formalaşır”.
 
Nazir həmçinin bildirib ki, “Azərspace 1” telekommunikasiya peyki bu gün Avropa Oyunlarının bütün dünyaya yayımı üçün cəlb olunan 4 süni peykdən biri seçilib.
 
Onun sözlərinə görə, bu gün istifadə üçün peyk tamamilə hazırdır.
 
Ə.Abbasov həmçinin əlavə edib ki, Avropa Oyunları ilə əlaqədar ictimai yerlərdə, bir çox parklarda, olimpiya kəndində, oyunlar ətrafında olan sahələrdə “wi-fi” zonalar istifadəyə veriləcək:
 
“Bunların bir çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz onlara əsasən bir güzəşt təklif edirik ki, 2 ay müddətində onların fəaliyyəti pulsuz həyata keçirilsin, sonradan isə onları ödənişli olaraq həyata keçirə bilərlər”.

Google+ WhatsApp ok.ru