Nazir OPEC-in toplantısına gedir

Nazir OPEC-in toplantısına gedir

-- OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) növbəti toplantısında iştirak edəcək. Səfər OPEC-in baş katibi Məhəmməd Barkindonun dəvəti ilə baş tutacaq.
 
Bu haqda nazirliyin məlumatında bildirilir.
 
OPEC-ə üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin toplantısı iyunun 21-də Vyanada başlamalıdır.
 
Pərviz Şahbazovun “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda tədbirdə çıxışı nəzərdə tutulub. Bundan başqa,energetika nazirinin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır.
 
P.Şahbazov səfər çərçivəsində habelə, OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində nazirlərin 4-cü iclasına da qatılmalıdır
 
“Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir”, nazirlik bildirir.
 
Xatırlatma
 
OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş altı aylıq bağlanıb.
 
Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb.
 
Daha sonra noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclasında sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Razılaşmaya Azərbaycan da qoşulub.
 
Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda bazarda Azərbaycan neftinin bir barrelinin qiyməti 75 dollardan yüksəkdir. Ötən ilin əvvəllərində isə bu, 50 dollar civarında dəyişirdi.
 

 

Google+ WhatsApp ok.ru