Nazirlik: Bakıda 195 binanın zirzəmisində tullantı suları aşkarlanıb

Nazirlik: Bakıda 195 binanın zirzəmisində tullantı suları aşkarlanıb

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda su ilə dolmuş zirzəmilər, antisanitar sahələrdə araşdırma aparıb.
Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, yerli gigiyena-epidemiologiya mərkəzləri əməkdaşlarının ərazi polis müvəkkilləri ilə birlikdə apardığı araşdırma zamanı 195 binanın zirzəmisində tullantı suları aşkarlanıb.
 
60 ünvanda məişət tullantılarının qanunsuz toplanmasının müəyəyn edildiyini deyən Z.Kazımov qeyd edib ki, 134 zirzəmidə tam sağlamlaşdırma işləri aparılıb: "57 ünvanda isə məişət tullantılarının təmizlənməsi təşkil olunub. Ümumilikdə, ötən müddət ərzində 161 yaşayış binasının girişlərində, zirzəmilərində dezinfeksiya və digər tədbirlər həyata keçirilib. 6 nəfər aşkarlanmış nöqsanlarla əlaqədar cərimə olunub. Sulu zirzəmilər daha çox Xətai, Qaradağ, Nizami, Binəqədi rayonunda qeydə alınıb".
 
Çimərliklərdə aparılan monitorinqlər barədə məlumat verən Z.Kazımov bildirib ki, mayın 16-na kimi dəniz suyunun laborator tədqiqatları aparılıb: “Abşeron yarımadasında yerləşən əksər çimərliklərdə dəniz suyu standartlara cavab verir. Lakin 2010-cü il 83 saylı qərarla biz Qaradağ rayonu ərazisində Sahil və Səbail rayonundakı Şıx çimərliklərində vətəndaşların çimməsini məqsədəuyğun hesab etməmişdik. Həmin qərar bu il də qüvvədə saxlanılıb və bununla bağlı lazımi orqanlara arayışlar göndərilib. Oradan götürülmüş dəniz suyu nümunələrində bakteroloji çirklənmə normadan dəfələrlə çox olub. Bununla yanaşı Sumqayıt ərazisində olan çimərlik də vətəndaşlar üçün yararsız hesab edilib. Cənub və şimal rayonlarda yerləşən çimərliklər isə standartlara cavab verir. Vətəndaşlar qeyd olunan ərazilər istisna olmaqla digər çimərliklərdə tam rahatlıqla istifadə edə bilərlər”. /

Google+ WhatsApp ok.ru