Nazirlikdən toyuqların şişirdilməsi ilə bağlı – AÇIQLAMA

Bu günlərdə ölkə telekanallarında yayımlanan proqramlarda broyler toyuqlarının ziyanları, geninin dəyişdirilməsi və iynə ilə şişirdilib kökəldilməsi barədə mənbəyi məlum olmayan yanlış məlumatların efirə verilməsi istehlakçılar arasında çaşqınlıq yaradıb ki, bu da quş əti istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinə ciddi təsir göstərib.
 
Bu barədə Maide.az-a Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
 
Nazirliyin məlumatına görə, sosial şəbəkələrdə yayılan adıçəkilən videodan sonra monitorinqlər keçirilib:  
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib:
 
“Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çox çeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir”- deyə, nazirliyin məlumatında deyilir.

Google+ WhatsApp ok.ru