Üçüncü devalivasiya yavaş-yavaş pillələrlə olacaq - EKSPERT

Üçüncü devalivasiya yavaş-yavaş pillələrlə olacaq - EKSPERT

Son günlər mətbuatda üçüncü devalivasiyanın olacağına dair geniş diskussiyalar başlayıb. Bəzi ekspertlərin qənaəti budur ki, manatın növbəti dəfə dəyərdən düşməsi qaçılmazdır. 
 
Bu ehtimalın nə dərəcədə düz olub-olmamasını araşdırmaq üçün iqtisadçı-eksper Natiq Cəfərliyə müraciət etdik. İqtisadçı Natiq Cəfərli Maide.Az-a bildirdi ki, bir il ərzində iki devalvasiyanın olması Azərbaycan müasir tarixinin ən vacib iqtisadi, siyasi və sosial hadisəsi oldu. 
 
"Çünki 21 fevral 2015-ci il tarixli qərara qədər manat Azərbaycanda təkcə iqtisadi kateqoriya deyildi, həm də siyasi, iqtisadi və ictimai stabillik simvoluna, fəxr mənbəyinə çevrilmişdi. Əsasən də hökumət bu barədə tez-tez danışırdı. Devalvasiya bir çox mifləri də dağıtdı və iqtisadi proseslərdə fəsadlara yol açdı. Problemli kreditlərin həcmi iki dəfədən çox artdı, yəni ötən il yanvar ayının 1-nə ölkədə 900 milyon manat problemli kredit var idi, ilin sonunda isə, hələ təsdiqlənməmiş məlumatlara görə bu rəqəm iki milyard manat olub. Bundan başqa iqtisadi aktivlik çox zəiflədi və bir çox sahələrdə, ümumiyyətlə durma nöqtəsinə gəldi. Məsələn, daşınmaz əmlak, avtomobil və pərakəndə satış bazarında çox ciddi problemlərə yol açdı. Ölkədə kreditləşmə demək olar ki, dayandı və banklar əvvəl verdikləri kreditləri geri qaytarmaqda problemlər yaşadıqları üçün daha sərt kredit siyasəti yeritməyə başladılar.
 
Təəssüf ki, hökumət Mərkəzi Bankla birlikdə heç bir ciddi proqram qəbul etmədi. Yeganə etdikləri manat dövriyyəsinin sərtləşdirilməsi oldu. Yəni manatın dövriyyəsini bilərəkdən keçən ilin müvafiq dövrünə nisbətdə iki dəfədən çox  azaltdılar ki, bundan sonra dolların məzənnəsində ciddi dəyişiklik olmasın. İnzibati yollarla buna müəyyən qədər nail oldular. Amma bu ona gətirib çıxardı ki, işsizlik artırdı, iqtisadi aktivlik ciddi şəkildə zəiflədi, gəlirlər aşağı düşdü, valyutadəyişmə məntəqələri bağlandı. Bununla təxminən 3-4 min insan işsiz qaldı, ticarət dövriyyəsi zəiflədi və bu sahədə çalışan yarım milyon insanın bir qismi işsiz qaldı, bir çox obyektlər bağlandı və s. Bütün bunlar, yəni iqtisadi aktivliyin zəifləməsi təbii ki, devalvasiyanın nəticəsi idi" - deyə ekspert vurğuladı. 
 
"Gəlirlər azalıb,amma ölkənin ehtiyacları yerində qalıb"
 
Natiq Cəfərli əlavə edir ki, devalvasiyadan sonrakı yaranan ağır vəziyyət hələ də davam edir. "Ölkənin gəlirləri ilə ölkənin ehtiyacı olan malların gətirilməsi nisbətinə baxdıqda görürük ki, burada da problemlərin yaşanması qaçılmazdır. Çünki neftin qiyməti ucuzlaşır, son vaxtlar 40-50 dollar arasındadır, ölkə getdikcə daha az pul qazanır. Yəni gəlirlər azalıb, amma ehtiyaclar yerində qalıb. Bir çox sahələrdə demək olar ki, idxaldan asılı vəziyyətdəyik. Ərzaqda bu asılılıq 60-70 faiz civarında, geyim, elektrotexnika və dərman preparatlarında isə 10 faiz asılılıq var. Yəni Azərbaycanın öz tələbatını ödəməsi üçün ölkədən valyuta çıxmalıdır. Bütün bunlar isə onu göstərir ki, devalvasiyanın nəticəsi Azərbaycan üçün çox böyük fəsadlara yol açdı, həm iqtisadi, həm siyasi, həm də sosial vəziyyətin gərginləşməsi ilə nəticələndi. Təəssüf ki, hökumət də islahatlar yönündə ciddi islahatlar aparmadı. Əslində Azərbaycanda bu gün yaşanan problemlərin həlli tək iqtisadi islahatlardan keçmir. İdarəetmədə, məhkəmə sistemində köklü islahatlar olmalıdır. Azad və ədalətli məhkəmə sistemi qurulmalıdır ki, sərmayədarlar üçün münbit şərait yaradılsın və həm xarici, həm də yerli investorlar daha ürəklə bu ölkəyə yatırım qoya bilsinlər. Bütün bu problemlər üst-üstə yığışır. Bu gün də görünən odur ki, hökumət yalnız inzibati yollarla, iqtisadi rıçaqlardan istifadə etməməklə bu problemi həll etməyə çalışır. Bu isə mümkünsüzdür. Bu günlərdə büdcə parametrlərinin yeni versiyası təsdiq olunmalıdır. O parametrlər açıqlanandan sonra hökumətin hansı yol seçdiyi məlum olacaq. Amma düşünürəm ki, artıq o sərt inzibati yollarla bu prosesi idarə etmək mümkün deyil. Hökumət iqtisadi aktivliyi artırmaq üçün manatın dövriyyəsini artırmalı, kreditləşmədə daha sadə variantlara getməlidir ki, iqtisadi canlanmaya səbəb olsun. Amma bunun digər tərəfi də odur ki, sərt monitar siyasətdən əl çəkərək manatın dövriyyəsini artırsalar, bu manata olan basqıları artıracaq və dolların səviyyəsinin artmasına səbəb olacaq. Yəni həm ölkə, həm də hökumət belə bir çıxılmaz duruma düşüb. Ona görə də gecə-gündüz ciddi işləyərək qızıl ortanı tapmaq lazımdır. Amma təəssüf ki, hökumətdən belə bir addım görmürük.
 
Bütün bunlar manatın üçüncü dəfə devalivasiyasına səbəb olacaq, lakin hökümət aldığı son iki zərbədən sonra anladı ki, üçüncü devalivasiya onların intiharıdır. Bu üzdən, devalivasiy yavaş-yavaş pillələrlə olacaq. Misal üçün, rahatlıqla deyərəm ki, dolların məzənnəsi yaxın həftələrdə manata nisbət bir daha 1.65 olacaq. Lakin kəskin devalivasiya tez bir zamanda gözlənilmir." - deyə N.Cəfərli bildirdi. 
 
Qeyd edək ki, Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir. 
Bu il üçün gözləntilərdə (Global Economic Prospects) deyilir ki, dünya bazarında neftin qiymətinin aşağı olması ehtiyat fondu və dövlət borcunun az olmasına baxmayaraq, hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir. /

Google+ WhatsApp ok.ru