Neft gəlirləri azalır

Neft gəlirləri azalır

"Exo" qəzetində "Azərbaycan 2017-ci ildə neft satışından nə qədər qazanc əldə edəcək?" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, neftin qiymətində son aylar müəyyən artım gözə çarpır. Ancaq bir çox iqtisadçılar hesab edirlər ki, bu qiymət bir neçə il öncəki həddə çatmayacaq.
 
Ekspert İlham Şaban qəzetə deyib ki, neft satışından gələn gəlirlər sürətlə azalmaqdadır: "Buna inanmaq üçün son bir neçə ilin statistikasını nəzərə çatdırmaq yetərlidir. Belə ki, 2014-cü ildə neft satışından gələn xalis gəlir 15 milyard dollar idisə, 2015-ci ildə bu 7 milyard dollara enib. 2016-cı ildə isə 5.1 milyard dollar təşkil edib. Yəni, iki il ərzində gəlir 3 dəfə azalıb".
 
İ.Şaban deyib ki, bu il neftin qiymətinin nisbətən yüksəlməsi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarından əldə edilən gəlir artıb. Ancaq hasilat ildən-ilə azalmaqdadır.
 
Ekspert hesab edir ki, neftin qiyməti dünya bazarında 55 dollar həcmində qalarsa, Azərbaycan 2017-ci ildə də neft satışından, ötən il olduğu kimi, 5.1 milyard dollar qazanacaq.
 
Müəllif beynəlxalq maliyyə institutlarının proqnozlarına istinadən qeyd edir ki, 2020-ci ildə neftin bir barrelinin qiyməti 65-80 dollar arasında dəyişəcək. /

Google+ WhatsApp ok.ru