Neftin qiyməti artır – proses davamlı olacaqmı....

Neftin qiyməti artır – proses davamlı olacaqmı....

İlham Şaban: “Cari il üçün neftin orta qiymətini hələ ki, 52 dollar proqnoz edirlər”
 
Natiq Cəfərli: “Neftin qiymətinin tez-tez dəyişməsi gələcəklə bağlı normal proqnoz səsləndirməyə imkan vermir”
 
“Yeni Müsavat”a danışan ekspert İlham Şaban bildirib ki, bu, OPEC və qeyri-OPEC ölkələrinin Monitorinq Komitəsinin iclası ilə bağlıdır: Azərbaycan nefti 2 faiz bahalaşıb. Belə ki, avqustun 9-da “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,86 dollar və ya 1,62% artaraq 53,94 dollar təşkil edib.
 
“Monitorinq Komitəsinin iclasında əsas məsələ bu idi ki, OPEC-ə daxil olan və olmayan ölkələrin hesabatlılığı üzərində ciddi nəzarət olsun və onların OPEC-ə aylıq təqdim etdiyi hesabatlar da ciddi araşdırılsın. Bundan başqa 2016-cı ilin 30 noyabr və 10 dekabrımda OPEC və qeyri-OPEC ölkələri üzrə təqdim edilmiş kvotalara əməl edilmə məsələsi sözdə yox, əməldə ifadə edilsin. Bu məsələdən sonra bir nömrəli iradlar tutulan ölkə İraq idi. Çünki Beynəlxalq Enerji Agentliyinin OPEC-dən kənar müstəqil bir qurum kimi hesablamalarına görə, İraq özünün öhdəliyinin cəmi 28 faizinə əməl etmişdi. Faktiki olaraq İraq öhdəliyinin 3-də birindən də azına əməl edib. Lakin onlar da söz verdilər ki, bundan sonra öhdəliklərinə əməl edəcəklər və bundan boyun qaçırmayacaqlar. Bu isə bazar üçün pozitiv siqnal idi və onun nəticəsi olaraq neftin qiyməti 51 dollardan qalxaraq, 52 dolları da aşdı. Bu gün axşam saatlarında Amerika Enerji Administrasiyasının növbəti hesabatı dərc ediləcək. O zaman yenidən biz görəcəyik ki, dəyişikliklər hansı səviyyədə və necədir. Bu hesabata uyğun olaraq da neftin dünya bazarında korreksiyası baş verəcək. Eyni zamanda bu faktor Azərbaycan neftinin dünya bazarındakı qiymətlərinə də təsir edəcək”.
 
Ekspert bildirib ki, ilin birinci yarısı ötən ilin eyni dövrü ilə müqayisədə dünya bazarında neftin qiyməti 30 faiz yüksək olub:
“Bu, neft hasilatçıları, ixracatçılar və əsasən də iqtisadiyyatları neftdən asılı olan ölkələr üçün göydəndüşmə bir amildir. Çünki qiymətlərin 30 faiz yüksək olması xeyli gəlir deməkdir. Adicə bir faktı qeyd edim ki, Azərbaycan, Qazaxıstan, Rusiya kimi ölkələrdə neft hasilatı azalır. Xüsusilə də bunların içərisində ən çox Azərbaycanda azalma baş verib. Ancaq buna baxmayaraq neft gəlirləri artıb. Bu da onunla əlaqəlidir ki, neftin qiyməti dünya bazarında kifayət qədər artıq olub. İlin ikinci yarısında neftin qiyməti 50 dolların ətrafında və daha yüksək olarsa o zaman da vəziyyət başqa olacaq. Artıq gəlirlər ilin birinci yarısındakı kimi olmayacaq. Çünki ötən ilin ikinci yarısında neftin qiyməti elə 50 dollar ətrafında idi. Onda gəlirlərin artımı kifayət qədər azalacaq. Cari il üçün neftin orta qiymətini hələ ki, 52 dollar proqnoz edirlər. Ancaq bunun özünü nə qədər doğrultması bir sıra amillərdən asılıdır. Sadəcə yaşayıb, gözləmək lazımdır”.
 
İ.Şaban alternativ enerjinin bazardakı yerindən və neftə təsirlərindən də danışıb:
“Hələ ki alternativ enerji, ümumi enerji balansında heç 5 faiz də deyil. Doğrudur, bu, ilbəil artır və çox yaxşı tendensiyası var. Ancaq əgər biz BP-nin statistikasına baxsaq, görərik ki, alternativ enerji ümumilikdə 2030-35-ci illər arasında bazarda təsir qüvvəsinə malik olacaq. O zaman ki, artıq yuxarıda qeyd etdiyimiz rəqəm, 10 faizdən yuxarıda olacaq”.
 
İqtisadçı Natiq Cəfərli isə qəzetimizə açıqlamasında mövcud durumun ölkə iqtisadiyyatına təsirləri barəsində danışıb:
“Azərbaycanda neftlə bağlı iki böyük problem var ki, onlardan biri qiymətin tez-tez dəyişməsi və hasilatın aşağı düşməsidir. Azərbaycan hələ bu ilin ilk 6 ayında, ötən ilin eyni dövrü ilə müqayisədə hasilatda 9 faiz azalma baş verib. Bu isə qiymətdən də çox mənfi təsir göstərən amillərdən biridir. Çünki hasilat azaldıqda istehsal olunan neftin maya dəyəri artır. Belə olan halda isə əməliyyat xərcləri də artır və son yekunda Azərbaycana daxil olan vəsait azalır.
 
Ona görə də neftlə bağlı qeyd etdiyimiz əsas problemlərlə üz-üzəyik. Qiymətə gəlincə isə son zamanlar neftin qiyməti çox kəskin dinamika ilə dəyişir. Artım və azalma artıq günlük deyil, dövrlərlə hesablanır. Bu da doğru yanaşmadır. Çünki neftin qiymətinin tez-tez dəyişməsi gələcəklə bağlı normal proqnoz səsləndirməyə imkan vermir. Ancaq son ayların dinamikasına baxdıqda müəyyən fikir yürütmək olur. Son zamanlar yenidən qiymətlərdə oynamaların və artıma doğru dəyişmənin olmasının yeganə səbəbi OPEC ölkələrinin Abu-Dabi görüşü oldu. Orada qərara alındı ki, OPEC anlaşmaya sonuna qədər əməl etsin və gələn ilin mart ayına qədər hasilatın azalması davam edilsin. Ancaq bunun ardınca da OPEC-in son zamanlar ən çox neft satışı həyata keçirdiyi məlum oldu. Amerikada da hasilatın artması göründü. Bu isə neft qiymətləri dinamikasının oynamasına səbəb olur. Yəni qiymətləri artıracaq xəbər çıxan kimi bazar dərhal reaksiya verir, qiymətlər 2-3 faiz artır. Sonradan isə qiymətlər aşağı düşür. Bu isə çox kəskin oynamadır. İlin ikinci yarısı ilə də bağlı perspektivə və qrafiklərə nəzər yetirdikdə söyləmək olar ki, neftin qiyməti ilin sonuna qədər 45-50 dollar arasında olacaq. Bundan aşağı və yuxarı olması ehtimalı çox aşağıdır”.
 
İqtisadçı hesab edir ki, ilin əvvəli ilə müqayisədə ilin sonunda Azərbaycanda hasilatın azalması ilə bərabər qiymətin də aşağı düşməsi neftdən gələn gəlirlərin azalmasına səbəb olacaq:
“Neft gəlirlərində azalmanın olması isə təbii olaraq, ölkəyə gələn valyuta və onun tempinə də təsir edəcək. İlk beş ayda yaxşı nəticənin görünməsi, müsbət saldonun olması və ümumi daxili məhsulun azalma tempinin aşağı düşməsinin əsas səbəbi neftin ötən illə müqayisədə xeyli bahalaşması oldu. İlin sonuna yaxın makro iqtisadi rəqəmlərdə pozitiv dinamika səngiyəcək. Ölkəyə gələn valyuta axını azaldıqca, müsbət saldo da aşağı düşəcək. Eyni zamanda gəlirlərin azalmasını da yenidən müşahidə edə bilərik ki, bu da yaxşı əlamət deyil. Bir neçə aydır ki, makro iqtisadi sabitlik yaranmışdı, ilin sonuna yaxın neftin qiyməti 45 dollara qədər düşsə, bu sabitlik pozulacaq”. /

Google+ WhatsApp ok.ru