Neftin 20 dollara qədər ucuzlaşacağı ilə bağlı proqnozlar nə dərəcədə realdır? – Ekspert şərhi

Vüqar Bayramov: `İranın neft bazarına daxil olması ilə gələcəkdə neftin ucuzlaşmasına səbəb olacaq`

“Təbii ki, 1 barel neftin 20 dollar qədər azalacağı ilə bağlı proqnozların olmasına baxmayaraq, düşünmürük ki, yaxın vaxtlarda bu proqnozlar gerçək olacaq”
 
Maide.az xəbər verir ki, bunu iqtisadçı-ekspert  Vüqar Bayramov İnterAz Tv-yə müsahibəsində deyib. 
 
İranın neft bazarına daxil olması ilə gələcəkdə neftin ucuzlaşmasına səbəb olacağını deyən iqtisadçı-ekspert Vüqar Bayramov bunun Azərbaycana da təsir edəcəyini bildirib :
 
“Bütövlükdə əgər İran öz ixrac potensialını tam şəkildə bərpa edərsə bu sözsüz neft bazarındakı qiymətlərə təsir göstərəcək. Azərbaycan isə öz növbəsində neft ölkəsi olaraq qiymətlərin azalmasında maraqlı deyil. Bu birmənalı şəkildə Azərbaycanın dövlət gəlirlərinə mənfi təsir göstərir. Əgər İranın neft bazarına daxil olması qiymətlərin azalmasına gətirib çıxara bilərsə, o zaman bu Azərbaycan ixracatının dəyər ifadəsində azalmasına səbəb olacaq.”
 
Ekspert, İrana tətbiq edilən sanksiyaların götürülməsinin İranın dünya enerji bazarına çıxardığı məhsulun həcminin artmasına səbəb olacağını deyib:
 
“Artıq sanksiyaların götürülməsi ilə bağlı danışıqlar aparıldığı müddətdə İran tərəfi neft ixracatını iki dəfə artırıb. Praktiki olaraq İran sanksiyalardan sonra həm neft bazarına, həm də mavi qaz bazarına daxil olmaq imkanı əldə edəcəkdir ki, bu da neft təklifinin artmasına gətirib çıxaracaq.”
 
Vüqar Bayramov hesab edir ki, İranın ixrac potensialının artırılması zaman tələb edir və bu mərhələli şəkildə həyata keçiriləcək. 
 
“Qısa müddətdə İranın əvvəlki ixrac potensialını bərpa etməsi praktiki olaraq mümkün deyil. Bu baxımdan İrana tətbiq edilən sanksiyaların ləğv edilməsi hələlik birbaşa neftin dünya bazarındakı qiymətinə təsir göstərməyəcək. Amma mərhələli olaraq müəyyən müddətdən sonra neft bazarında təklifin artması və buna uyğun olaraq qiymətin müəyyən qədər aşağı düşəcəyini proqnozlaşdırırıq. Təbii ki, 1 barel neftin 20 dollar qədər azalacağı ilə bağlı proqnozların olmasına baxmayaraq, düşünmürük ki, yaxın vaxtlarda bu proqnozlar gerçək olacaq. Hələlik brend markalın neftin qiyməti 50-60 dollar intervalında dəyişəcək, orta qiymət 55 dollar olacaq.”

Google+ WhatsApp ok.ru