Neftin 40 dollar olması Azərbaycanı böhrandan çıxaracaqmı?

Ekspertlərə görə, hökumət neftin qiymətinin cüzi artımını bayram kimi qiymətləndirməməlidir

Son günlər dünya bazarında neftin qiymətində baş verən dəyişiklik hökuməti bir qədər ürəkləndirib. Hazırda dünya bazarında Brent neftinin bir barreli 40,44 dollara satılır. Amma neftin qiyməti hələlik 40 dollar civarında dəyişir. Enmə bir gün sonra qalxmanı əvəzləyir və tərsinə.
 
Neftin qiyməti ilə bağlı proqnozlar da müxtəlifdir. Isveçrənin iri maliyyə konqlomeratı UBS, bazardakı təklif çoxluğunun davam etməsi ilə, Brent neftin barrel qiymətinin 2-ci rübdə 30 dollardan aşağı düşəcəyini bildirib.
 
Bəs hökumətin nikbinliyinə əsas varmı? Neftin hazırkı bazar qiyməti ölkənin üzləşdiyi maliyyə problemindən çıxmasına, manatın məzənnəsinin sabitləşməsinə təsir edəcəkmi?
 
İqtisadçı Nemət Əliyev "Azadlıq"a bildirib ki, neftin qiymətinin 40 dollar olması hökumətin, Azərbaycan dövlətinin vəziyyətini nisbətən yaxşılaşdırır. Amma bununla vəziyyətin tam düzələcəyi qənaətinə gəlmək yanlışdır. N.Əliyevin sözlərinə görə, 2015-ci ilin sosial-iqtisadi göstəriciləri onu göstərir ki, Azərbaycanın qeyri-neft istehsal sahələrində istehsal kəskin aşağı düşüb: “Yanvarda iqtisadiyyatın maliyyələşdirilməsi üçün büdcədən ayrılan vəsait bir ay ərzində 98 faiz azalıb. Yanvarda büdcədən investisiya fəaliyyəti üçün, ümumiyyətlə, vəsait ayrılmayıb. Bu, ölkənin maliyyə imkanlarının ağır olmasıyla bağlıdır. Baş verənləri müşahidə edən banklar, sahibkarlar da bu cür mənzərəni görəndən sonra iqtisadiyyatı maliyyələşdirməyə meyilli olmayacaqlar. Pul yatırımı yoxdursa, iqtisadiyyatda hansısa artımların olmasından danışmaq mənasızdır”.
 
N.Əliyev onu da bildirdi ki, büdcədən ayrılan vəsaitlər günü-gündən azalır və şərait dəyişir. “Əgər bir müddət əvvəl neftin qiymətinin 50 dollar olmasına görə iqtisadiyyatda atıla biləcək addımlar effekt verə bilərdisə, zaman keçdikcə bu gözlənti özünü doğrultmur. Böhran daha dərin qatlara işləyir. Ona görə neftin qiymətinin cüzi artımını bayram kimi qiymətləndirib, arxayınçılıq yaranmamalıdır. Hökumət ondan tələb olunan addımları atmalıdır”.

Google+ WhatsApp ok.ru