Neftin qiyməti 35 dollara qədər düşə bilər

Neftin qiyməti 35 dollara qədər düşə bilər

2019-cu ildə dünya bazarlarında neftin qiyməti böyük ehtimalla 35 dollara qədər düşəcək.
 
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina xəbərdarlıq edib ki, neftin qiyməti proqnoz edildiyi kimi kəskin düşərsə, 2019-cu ildə Rusiya iqtisadiyyatında böyük geriləmə ola bilər.
 
“Bu hadisə baş verə bilər. Neftin qiyməti 35 dollara düşərsə, bunun Rusiya iqtisadiyyatı üçün nələrə səbəb olacağını başa düşməliyik. Bundan başqa, Rusiyaya qarşı sanksiyalar da tətbiq olunur. Bu iki amil iqtisadiyyatımızda ciddi geriləməyə səbəb ola bilər”, - Elvira Nabiullina Dövlət Dumasında çıxışı zamanı həyəcan təbili çalıb.
 
Son günlər neftin qiyməti sürətlə aşağı düşür. Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,86 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 54,75 dollara alıcı axtarır.
 
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, neftin qiyməti daha da ucuzlaşmalıdır.
 
Son aylarda neftin bir barrelinin qiymətinin 82 dollar səviyyəsindən 54 dollar/barrelə gerilədiyini xatırladan ABŞ Prezidenti deyib: “Səudiyyə Ərəbistanına təşəkkür edirəm. Lakin qiymətlər daha da ucuzlaşmalıdır”.
 
Ötən günlərdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ölkəsinin dekabrda neft ixracını 500 min barrel azaldacağını bildirib.
 
Rusiya prezidenti Vladimir Putin isə Argentinada Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salman ilə görüşə bilər.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, V.Putinin Məhəmməd bin Salmanla neftin qiyməti ilə bağlı müzakirələr aparacağı gözlənilir. /Realtv /
 

Google+ WhatsApp ok.ru