Neftin qiyməti son 17 ildə ən aşağı həddə enib

Neftin qiyməti son 17 ildə ən aşağı həddə enib

Martın 18-də neftin qiyməti son 17 ildə ən aşağı həddə düşüb.
 
CNBC yazır ki, dünya boyunca artan xətlə yayılan koronavirus pandemiyası və gözlənilən qlobal resessiya xofu neftin qiymətinə birbaşa təsir göstərir.
 
Martın 18-də ABŞ neftinin qiyməti 24.4% və ya 6.58 dollar azalaraq bir barrel üçün 20.37 dollara enib.
 
Bu Texas neftinin 2002-ci ilin fevralından bəri ən ucuz qiymətidir.
 
Brent markasından olan neftin qiymətində 14.1% və ya 4.07 dollar azalma olub və indi bir barrelin qiyməti 24.67 dollardır.
 
Bu isə 2003-cü ildən bəri ən aşağı qiymətdir.
 
Neft qiymətləri iki tərəfdən, həm təchizat, həm də tələb istiqamətindən zərbəyə məruz qalır.
 
Dünya boyunca səfərlərin və biznes fəallığının azalması neftə tələbatı azaldıb, digər tərəfdən isə neftin ən böyük hasilatçılarından olan Səudiyyə və Rusiya hasilatı artırmağa başlayıblar.
 
Bəs neft qiymətləri hansı həddə qədər enə bilər? OPEC və başlıca olaraq Rusiyadan ibarət müttəfiqlər arasında neft hasilatının ixtisarına dair saziş hələ qüvvədədir, lakin gələn ay bu razılaşmanın vaxtı bitir.
 
18 dollara düşə bilər
 
Rystad Energy firmasından təhlilçi Louise Dickson deyir ki, tələb və təklif arasında balans yarananadək neftin qiyməti bir qədər də düşə bilər.
 
Ekspert bildirir ki, belə qiymət azalması çoxdan bəri görünməmiş hadisədir və neft məhsullarının bütün növlərini -təyyarə yanacağı, benzin və mazutu da əhatə edir.
 
Ümumilikdə WTI və Brent markalarından olan neftin qiymətləri ən pis aylarını yaşayır. Onların qiymətində bu ay ərzində müvafiq olaraq 54 və 50 faiz azalma olub.
 
Martın 17-də Goldman Sachs ikinci rüb üçün neftin proqnoz qiymətlərini endirib. Bu proqnozlara görə hər iki markadan olan neftin bir barrelinin qiyməti 20 dollara enə bilər.
 
Ekspertlər bildirirlər ki, 2008-ci ilin maliyyə böhranı da daxil, bündan əvvəlki böhranlardan fərqli olaraq koronavirusla bağlı yaranmış vəziyyətin sonu hələlik naməlumdur. Amma getdikcə daha çox ekspert qiymətlərin bundan sonra da düşəcəyi qənaəti ilə razılaşır.
 
Again Capital firmasından ekspert John Kilduff deyir ki, OPEC+ razılaşması iflasa uğradıqdan sonra Səudiyyə neft bazarına bir növ “od vurub” və belə bir şəraitdə neft öz optimal qiymətini tapanadək ucuzlaşma bir barrel üçün 18 dollar həddinə də çata bilər.
 
Rubl, lirə, manat...
 
Neft qiymətlərinin kəskin düşməsi valyuta bazarlarına ciddi təsir göstərir.
 
Martın 18-də Moskva birjasında 1 dolların qiyməti 80 rublu keçib.
 
İndi bir avronun qiyməti 87 rubldur.
 
RBK bildirir ki, qara bazarda 1 dolar 83 rubla satılır.
 
Türkiyə lirəsinin də çəkisi 0, 4 faiz azalıb və onun dollara nisbətdə məznnəsi 2018-ci ilin sentyabrındamn bəri ən aşağı həddinə enib.
 
Martın 18-də 1 dollar 6, 45 lirəyə bərabər idi.
 
Azərbaycan mediası xəbər verir kİ, son bir neçə həftədə ölkədə dollara olan tələbat xeyli artıb. /azadliq.org 
 
İqtisadçı Toğrul Maşallı öz Telegram blogunda yazır ki,
 
Azərbaycan neftinin ən ucuz satıldığı dövr 2001-ci ilin dekabrı hesab olunur. O zaman Azerilight neftin 1 barreli 19,15 dollara satılırdı.
 
Azərbaycan da neft hasil edən Nigeriya və Körfəz ölkələri kimi milli valyutanın dollara nisbətdə qiymətini sabit saxlayan mexanizmdən istifadə edir.
 
Lakin neftin qiyməti düşməkdə davam etdikcə bu məzənnəni saxlamaq o qədər də asan olmayacaq.
 
Azərbaycanın builki büdcəsi neftin bir barrelinin 53 dollar olacağı şərti ilə tərtib edilib.
 
Hazırda neftin qiyməti bundan iki dəfə aşağıdır. /azadliq.org
 
 

Google+ WhatsApp ok.ru