Neft, qaz istehsalı azalıb

Neft, qaz istehsalı azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-oktyabr aylarında 26 milyard manatlıq məhsul istehsal edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.2 faiz azdır.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, sənaye məhsulunun 65.8 faizi mədənçıxarma, 28.2 faizi emal, 5.2 faizi isə elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub. Bundan başqa, istehsalın 0.8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşür.
 
DSK-nin bilgilərinə görə, mədənçıxarma sektorunda neft hasilatı 0.8 faiz, qaz hasilatı isə 5 faiz azalıb.
 
Emal sektorunda qida məhsullarının istehsalı 3.6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2.4 dəfə, geyim istehsalı 35.3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı da 26.6 faiz artıb.
 
Habelə, kağız, karton istehsalının 8.8, poliqrafiya məhsullarının istehsalının 4.2, hazır metal məmulatlarının istehsalının 18.8, kompüter və elektron məhsulların istehsalının da 14.5 faiz artdığı bildirilir.
 
Bundan başqa, elektrik avadanlıqlarının istehsalının 2.7 dəfə, avtomobil, qoşqu, yarımqoşquların istehsalının 17.1 faiz və mebel istehsalının 17.3 faiz artdığı qeyd edilir.
 
 
ELEKTRİK ENERJİSİ İSTEHSALI DA AZALIB
Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1.9 faiz düşüb. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0.8 faiz azalma baş verib.
 
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3.4 faiz artıb, neft sektorunda isə 0.7 faiz azalıb. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru