Neftçalada belə avtomobillər istehsal olunacaq

Neftçalada belə avtomobillər istehsal olunacaq

İlkin mərhələdə `Dena`, `Runna`, `Soren` və `Samand` markalı avtomobillər olacaq

Azərbaycanın "AzerMash" və İranın "Iran Khodro" şirkəti birgə istehsal etdikləri avtomobilləri Ukrayna, Rusiya və Mərkəzi Asiya bazarlarına tədarük etmək imkanlarını müzakirə edir. 
 
Bunu "AzerMash" şirkətinin təsisçisi Emin Axundov deyib. Ötən il iki şirkət arasında Neftçala sənaye zonasında birgə avtomobil zavodunun yaradılması barədə saziş imzalanıb. Layihənin dəyəri 15 milyon dollar qiymətləndirilir: "Bu gün artıq Ukraynadan bizim avtomobillərin bu ölkəyə tədarük edilməsi ilə bağlı təklif almışıq. Eləcə də Şimali Qafqaz (Rusiya), Tacikistan və Türkmənistandan olan şirkətlərlə bu barədə danışıqlar aparırıq".
 
Onun sözlərinə görə, "AzerMash" və "Iran Khodro"nun Azərbaycanda istehsal edilən avtomobillərin başqa ölkələrə tədarükü ilə bağlı böyük planları var: "Azərbaycan hökumətinin uğurlu siyasəti sayəsində biz ixrac edə biləcəyimiz məhsul istehsal edə bilirik. Bu, Azərbaycana imkan verəcək ki, İran avtomobillərinin başqa ölkələrə tədarükü üçün hab rolu oynaya bilsin".
 
Müəssisə rəhbərinin sözlərinə görə, hazırda zavodu idarə edəcək birgə müəssisənin qeydiyyatı məsələləri aparılır: "Birgə müəssisədə 75 faiz pay "AzerMash" şirkətinə, 25 faiz pay isə "Iran Khodro" şirkətinə məxsusdur. İran tərəfi zavod üçün lazımi avadanlığı Azərbaycana tədarük etməyi öhdəsinə götürüb. Biz isə zavodun tikintisini maliyyələşdirəcəyik. Bu, böyük layihədir və hazırda biz zavodun tikintisini yekunlaşdırmaq mərhələsindəyik".
 
Şirkət təsisçisi daha sonra əlavə edib: "Hələ ki ildə 5-6 min avtomobil istehsal etməyi planlaşdırırıq. Növbəti mərhələlərdə bu rəqəmi 10 minə çatdırmağı düşünürük. Bu gün zavodda 300 işçi çalışır, gələcəkdə həmçinin ştatı da artıra bilərik".
 
O, avtomobillərə böyük təlabat olacağını da qeyd edib və bildirib ki, həmin avtomobillər yüksək keyfiyyəti ilə seçilir. E.Axundov zavodda ilkin mərhələdə "Dena", "Runna", "Soren" və "Samand" markalı avtomobillərin istehsal edilməsinin planlaşdırıldığını bildirib. Bununla belə gələcəkdə istehsal edilən avtomobillərin spektrinin genişlənməsini də istisna etməyib.
 
Qeyd edək ki, birgə müəssisənin avtomobil zavodu Neftçala Sənaye Parkında tikilir. 

Google+ WhatsApp ok.ru