İnflyasiyanı cilovlamaq olmur

İnflyasiyanı cilovlamaq olmur

"Novoye Vremya" qəzetində "İnflyasiyanı cilovlamaq olmur, bu hansı təhlükədən xəbər verir?" sualına cavab axtarılır.
 
Müəllif yazır ki, Azərbaycanda inflyasiya qış aylarında zirvə nöqtəsinə yaxınlaşıb. Manatın dəyər itirməsi qiymətlərin bahalaşması ilə müşahidə olunub:
"Ərzaq mallarına yaxın belə düşmək olmurdu. Hökumət məmurlarının supermarketlərə reydləri isə nəticə vermirdi. Birrəqəmli inflyasiyadan əsər əlamət qalmadı".
 
Müəllifin fikrincə, amma sonradan bəlli olub ki, inflyasiya heç də mövsümü deyilmiş. Manat sabitləşsə də, qiymət artımı davam edib.
 
Yazıda vurğulanır ki, son vaxtlar toyuq yumurtasının qiymətinin artması bunun əyani sübutudur.
 
Daha sonra müəllif statistik rəqəmlərə istinad edir. Yazıda bildirilir ki, rəsmi göstəricilərə görə, artıq inflyasiya 14 faizə çatıb.
 
Üstəlik, müəllif rəsmi rəqəmlərə şübhə edir.
 
Yazıda vurğulanır ki, hazırda reallıqda inflyasiya 20 faizə bərabərdir. Müəllif hesab edir ki, inflyasiyanın gerçək səbəbləri müəyyən edilmədən onunla səmərəli mübarizə aparmaq olmaz.
 
Yazıda inflyasiyanı doğuran başlıca səbəblər də göstərilir. Müəllif hesab edir ki, əsas səbəblərdən biri istehsalın həcminin azalmasıdır. Başqa bir səbəb isə inhisardır:
 
"Bu səbəb öz əhəmiyyətinə görə öndə dayanır. İnhisar aradan qaldırmadıqca, bütün tədbirlər əhəmiyyətsiz olacaq".
 
Yazıda vurğulanır ki, indi Azərbaycanda başlıca məsələ inflyasiyanı birrəqəmli səviyyəyə endirmək deyil. Bu imkan itirilib.
 
Müəllifin fikrincə, indi əsas məsələ onun artmasının qarşısını almaqdır. /

Google+ WhatsApp ok.ru