İngilis alimlər diş həkimlərini çörəksiz qoya bilər

İngilis alimlər diş həkimlərini çörəksiz qoya bilər

Azərbaycanda əbədi plombla bağlı yeni ixtiraya şübhə ilə yanaşan stomatoloqlar da var, bunu mümkün sayanlar da...
 
Alimlərin tibb sahəsində müxtəlif yeniliklərə imza atması, ixtiralar kəşf etməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu cür xəbərlər çox zaman özünü doğrultsa da, elə xəbər olaraq qalanları da var. Məsələn, bir zamanlar hansısa orqanın köçürülməsi, insana başqa insanın ürəyinin köçürülməsi, açıq ürək əməliyyatları xəyal kimi görünür və bunun mümkün ola biləcəyinə heç kim inanmırdı. Zaman keçdikcə bu əməliyyatlar geniş yayıldı və bu gün də müvəffəqiyyətlə həyata keçirilir.
 
Bu dəfə isə ingiltərəli alimlər stomatologiya sahəsində yeni ixtira ediblər. Ancaq onların bu ixtirası diş həkimlərini çörəksiz qoya bilər. Belə ki, Londonun Kraliça Mariya Universitetinin alimləri dişi müalicə edən plomb ixtira ediblər. Beləcə, alimlər bu plombdan istifadə edənlərin diş həkiminə ömürlərində cəmi bir dəfə gedəcəklərini iddia edirlər. Sehrli materialın tərkibi isə yalnız təbii komponentlərdən ibarətdir. Bu plomb nəinki dişləri qırılmaqdan qoruyacaq, həmçinin kariyesin qarşısını alacaq. 
Belə bir mükəmməl kəşf artıq mütəxəssislərin bütün sınaqlarından keçib və növbəti ildən etibarən istifadə olunmağa başlanacaq. Daimi plomb diş dəliyinə doldurulan zaman boşluğu minerallarla təmin edərək, dişin tərkibi ilə qarışıb, onu ftor, fosfor və kalsium ilə təmin edir. Beləcə, diş özünü bərpa edir. Bundan əlavə, möcüzəvi ixtira dişlə tam reaksiyaya girdiyi üçün arada sızıntı qalmır. Bu da bakteriyaların qarşısını alır. Mütəxəssislər qeyd edir ki, daimi plombu yalnız bir dəfə qoydurmaq mümkün olacaq. Bir neçə aydan sonra isə o özünü tam bərpa edib, sağlam dişə çevriləcək. Daimi diş plombunun üstünlüklərinin isə aşağıdakılar olduğu bildirilir:
 
1. Dişinizi müalicə etmək üçün yalnız bir dəfə həkimə müraciət edəcəksiniz;
2. Bu plombun tərkibi təbii maddələrdən ibarət olduğu üçün sağlamlığınıza zərər yetirmir;
3. Qoydurduğunuz adi plomb bir müddət sonra ovulub tökülür, lakin bu sehrli ixtira ilə yeni sağlam diş qazanırsınız.
 
Ancaq Azərbaycan stomatoloqlarının ingiltərəli alimlərin bu ixtirasına fikirləri birmənalı deyil. Onların bəziləri bu cür ixtiranın mümkün olacağı düşüncəsindədirsə, əksini düşünüb bu cür xəbərləri nağıl adlandıranlar da var.
 
Stomatoloq Zəlimxan Məmmədli dişin minası ilə eyni ola biləcək hansısa ixtiranın mümkünlüyünə inanmadığını dedi: “Səhiyyədə bir zamanlar bizə nağıl kimi görünən ciddi yüksəlişlər var. Orqan köçürülməsindən tutmuş, ürəyin ən xırda detalının açıq əməliyyatına qədər, ürəyin sökülüb yenidən yığılması kimi əməliyyatlar. Stomatologiyada lazer plombu bir zamanlar bizə xəyal kimi görünürdü. Amma bu gün çox müxtəlif metodlar, ağız boşluğunda qüsurları bərpa etmək üçün, xüsusən də kariyes xəstəliklərinin müalicəsi üçün çox müasir, kiçik kariyeslərin əmələ gəlməsini önləyən plomblar, materiallar mövcuddur. Amma dişin minası elə quruluşdadır ki, mən güman etmirəm ki, məhz onunla eyni olan nələrsə ixtira etmək mümkün olsun. Kanalcıqlar var, minanın özünün strukturları var. Bu yeni ixtira edilən plomb bərkliyinə, yapışqanlığına görə yeni bir keyfiyyət ola bilər. Mən buna şübhə etmirəm. Amma bədən inkişaf edir, dəyişilir, diş xarab olur, hətta ən möhkəm plomb olsa belə, sağlam plombların özünün ikinci zədələnmə ehtimalı var ki, dediyimiz kimi, o xəstə həkimə gəlmək məcburiyyətində qalacaq. Ola bilər ki, sizin nəzərdə tutduğunuz yeni ixtira plomb möhkəm yapışsın. Amma dişin digər tərəfindən kariyes inkişaf edə bilər. Bu dəqiqə kariyesin qarşısını almaq stomatologiya qarşısında duran ən ciddi problemlərdən biridir. O texnologiyalar inkişaf etsə, bizə onun müsbət tərəfdən xeyri var ki, insanlar yanımıza gəlib vəsait ödəyəcəklər və bizim də qazancımız artacaq. İnsanların isə həkimlərə gəlmə nisbəti azala bilər”.
 
Digər stomatoloq Vasif Şabanov bu gün ən çox inkişaf edən sahənin stomatologiya olduğunu və buna görə də cür də kəşflərin mümkün ola biləcəyini dedi: “Əvvəllər tibb haqqında yenilikləri eşidəndə bizə qəribə gəlirdi. Amma o ixtiralar gəlib Azərbaycana çıxanda gördük ki, hər şey mümkündür. Stomatologiya bu gün güclü inkişaf edir. Bu cür bir plombun da ixtira edilməsi mümkündür. 10-15 il əvvəl implant haqqında Azərbaycanda, ümumiyyətlə, məlumat yox idi. Bu gün hər gələn pasiyent implant haqqında məlumat almaq istəyir. Dişlərdəki kariyesin səbəbi hələ indiyə qədər tapılmayıb. Keçmişdən bu günə qədər hər alim bir nəzəriyyə irəli sürür ki, kariyes bu səbəblərə görə yaranır. Amma yaranmasının səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Hər xəstənin öz nəzəriyyəsi ən dəqiq nəzəriyyədir. Yəni sizin dişinizin çürümə səbəbini sizdən yaxşı heç kim bilə bilməz. Ya siz dişinizi fırçalamırsınız, düzgün gigiyena qaydalarına riayət etmirsiniz. Mən bilə bilmərəm axı sizin qidalanmanız necədir. İnsan var ki, həyatı boyu şirniyyat qəbul etmir. Təbii ki, onun dişləri şirniyyat qəbul edən insanın dişlərinə nisbətən daha gec çürüyəcək. Hər şey mümkündür. Bu gün ən güclü inkişaf edən sahələrdən biri də stomatologiyadır. Çünki rəqabət çox güclüdür”. (musavat) /

Google+ WhatsApp ok.ru