İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır

İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır

-- bahalaşmanın davam etməsinin daha bir səbəbi...

“Yeni Müsavat” qəzetində diqqəti “İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır” sərlövhəli yazı cəlb edir.
 
Müəllif ölkədə ərzaq mallarının bahalaşmasını iqtisadçı-ekspert Natiq Cəfərli ilə təhlil edib.
 
Yazıda vurğulanır ki, 2017-ci ildə istehlak malları və xidmətlərin qiymətləri 2016-cı il ilə müqayisədə 12,9 faiz artıb. Ərzaq məhsulları 16,4, qeyri ərzaq malları 11,6, ödənişli xidmətlər isə 9,2 faiz bahalaşıb.
 
Müəllifi xatırladıb ki, Azərbaycanda kəskin qiymət artımı özünü 2015-ci ildə manatın devalvasiyalarından sonra göstərib:
 
“Bahalaşmanın əsas səbəbi kimi idxal məhsullarında dolların məzənnəsinin artımı ilə bağlı yaranan yüksəlmə göstərilib. 2017-ci ilin əvvəlindən manatın məzənnəsi sabitləşməyə başlayıb, ötən müddət ərzində isə hətta bir qədər möhkəmlənib. Amma manatın sabitləşməsi də qiymətlərdəki artımın qarşısını ala bilməyib”.
 
N.Cəfərli qəzetə deyib ki, Azərbaycana idxalda avrozonanın payı yüksəkdir və oradan gətirilən mallar baha başa gəlir.
 
Ekspert hesab edir ki, bahalaşmanın davam etməsinin daha bir səbəbi benzinin qiymətinin yüksəlməsidir. Üstəlik, vergi-gömrük rüsumları da artırılıb.
 
N.Cəfərli deyir ki, bahalaşmaya daha bir səbəb qaz və enerjinin limitdən artıq hissəsindən ötrü qiymətlərin kəskin artırılmasıdır.
 
Ekspert qiymət bahalaşmasına əlavə səbəblər kimi ölkədə inhisarlaşma səviyyəsinin yüksək olmasını və korrupsiyanı göstərib:
 
“Korrupsiyanın olması sahibkarların əlavə xərclərini artırır…” (azadliq.org)
 

Google+ WhatsApp ok.ru