Nikaha daxil olmaq istəyən 63000 nəfərdən 1800-dən çoxu talassemiya daşıyıcısıdır

Nikaha daxil olmaq istəyən 63000 nəfərdən 1800-dən çoxu talassemiya daşıyıcısıdır

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.
 
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291431 nəfər keçib.
 
Bu haqda Modern.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, 1 iyun 2015-ci il – 30 iyun 2017-cı il tarixindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 12036 nəfərdə talassemiya daşıyıcılığı, 1143 nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkar olunub.
 
2017-ci il ərzində 63137 nəfər müayinələrə cəlb edilib, 1853 şəxsdə talassemiya daşıyıcılığı, onlardan 19 da hər iki cütlük olmaqla daşıyıcılıq qeydə alınıb. 259 nəfərdə sifilis, 46 nəfərdə isə HİV1/2 QİCS qeydə alınıb.
 
Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.
 
Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. /

Google+ WhatsApp ok.ru