Niyyət

Niyyət

Namaza tələsin-12

Niyyət namaz mətninin birinci vacib hissəsidir. Niyyət bütün işlərdə, o cümlədən, namaz və ibadətlərdə dəyər meyarıdır və çox əhəmiyyətlidir. Buna görə uyğun mövzu haqda xüsusi və geniş söhbət açacağıq. Bu yolla ibadətlərimizin daha dəyərli olması üçün tövfiq əldə edərik.

Niyyət dəyər meyarıdır

İnsan əməlinin qiyməti onun niyyətində və məqsədindədir. Buna görə Quranda “fi səbilillah” (Allah yolunda, Allaha xatir) kəlməsi 70 dəfə işlənmişdir. Bu rəqəm insanların ehtiyatlı olmasını, Allahdan qeyrilərinə və ya nəfs istəklərinə yox, məhz Allah yolunda niyyət və əməl etmələrinin zəruriliyini göstərir. Necə ki, təhlükəli yolda xeyli xəbərdarlıq tablosu asılır. Allaha bəndəlik yolunda bir çox döngələr var. Bütün bu təkid və xəbərdarlıqlar azğınlıqdan uzaqlaşmaq üçündür. Xüsusi ilə Allaha yaxınlıq üçün olmayan ibadətlərin zərrəcə dəyəri yoxdur. Niyyət ibadətin əsasıdır. Niyyətsiz və ya Allahdan qeyrisi üçün görülən işlər əbəsdir.

Niyyət əməlin əsasıdır. Pis niyyətlə görülən ən müqəddəs işlər məhvə məhkumdur. Yaxşı niyyətlə görülən sadə işlər isə çox dəyərli olur.

İlahi niyyət Allahın lütflərinə çatmaq səbəbidir. Hər kəs Allahın yolunda çalışsa, Allah öz yolunu ona göstərər: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.” (“Ənkəbut” surəsi, ayə 69.)

Niyyət əməlin qəbul olması üçün şərtdir. İmam Sadiq (ə) Allahın buyruğunu belə nəql edir: “Yalnız mənim üçün olanı qəbul edirəm.” (“Rövzətul-muttəqin”, 2-ci cild, səh.141.)

Niyyət kiçik işi böyük edir. İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha xatir az bir iş görərsə, Allah onu insanların gözündə istədiyindən daha çox böyüdər. Hər kəs Allahdan qeyrisi üçün (xalq üçün) böyük iş görərsə, Allahın razılığı əvəzinə xalqın razılığını düşünərsə, Allah onun böyük işini xalqın gözündə kiçildər.” (“Rövzətul-muttəqin”, 2-ci cild, səh.142.)

Bəli, izzət də, zillət də Allahın əlindədir. O, qəlbləri istədiyi şəxsə doğru yönəldir. Demək, bütün işlərdə Onu düşünməliyik ki, işlərimiz yoluna qoyulsun.

Həzrət İbrahim (ə) Allaha xatir zövcəsini və övladını Məkkənin qızmar çöllərində qoyur. Sonra Allahdan istəyir ki, xalqın qəlbi onlara meyil etsin. (Bax: “İbrahim” surəsi, ayə 37.)

Quran buyurur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Allah bir sevgi yaradacaqdır.” (“Məryəm” surəsi, ayə 96.)

Bu Allahın dünyəvi mükafatlarından biridir. Əlbəttə, Allah verən sevgi xalq arasında yalan və ötəri şöhrət deyil. Bir çox məşhur şəxslər öləndən sonra unudulurlar. Lakin öncə adı çıxmamış bir çox şəxslər hələ də xalqın qəlbindədir!

Sevgini də Allahdan istəmək lazımdır. O, “muqəllibul-qulub”dur – qəlbləri dəyişəndir. Xalqın qəlbi Onun əlindədir. Əgər insan Allaha xatir bir iş görərsə, Allah onun işinə ən gözəl şəkildə əvəz verəcək. İmam Xomeyni (r) Allah üçün qiyam etdi, sürgün olundu, çətinliklərə dözdü. Allah da milyonlarla insanın qəlbində ona məhəbbət yaratdı. İrana gələrkən milyonlarla insan onu qarşıladı və vəfatından sonra dəfn mərasimində on minlyondan çox insan iştirak etdi. 40 gün ərzində onun üçün məqbərə tikildi, ölkənin ən uzaq nöqtələrindən qəbrinin ziyarəti üçün insanlar axışdı.

İnsan öz qəlbinin keşikçisi olmalıdır. O, qəlb mənzilinə Allahdan başqa heç kəsi buraxmamalıdır. İmam Sadiq (ə) buyurur: “Qəlb Allahın mənzilidir. Ondan başqasını bu mənzilə buraxmayın.” (“Biharul-ənvar”, 70-ci cild, səh.25; “Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.74-76.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru