Novruz Məmmədov: `Qərbə inamımız tükənir`

“Biz müstəqillik əldə etdikdən sonra düşünürdük ki, dünyanın sivil bölgəsi olan Avropa problemlərimizin həllində iştirak edəcək, ədalətli olacaq. Amma vaxt keçdikdən sonra gördük ki, heç də belə deyil, ümidlərimiz müəyyən mənada qırıldı”.
 
Maide.az xəbər verir ki, apa-nın məlumatına görə, bunu, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün III Qlobal Bakı Forumun “Avropa İttifaqı və qonşuluq siyasəti” adlı panelindəki çıxışında deyib.
 
N. Məmmədov qeyd edib ki, Azərbaycan postsovet məkanında Qərblə uğurlu əməkdaşlıq edə biləcək dövlət sayıla bilər: 
 
“Lakin Azərbaycanın 20 faiz əraziləri işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı və bu günə qədər Avropada, dünyada bu məsələ ilə əlaqədar beynəlxalq hüquqa uyğun gələ bilən konkret addım atılmır. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun monopoliyasına verilib. Amma hamı da bilir ki, Minsk Qrupu bunu həll etmək iqtidarında deyil.
 
Biz bilərəkdən prosesləri uzun zaman davam etdiririk. Görəsən nə üçün? Bunun əsas səbəblərindən biri odur ki, Qərb və Avropada siyasi xadimlər düşünürlər ki, “mən nə dedim, o olmalıdır!” Yəni onlar üçün beynəlxalq hüquq budur. Amma bu, çox təhlükəli presedentdir”.
 
N. Məmmədovun fikrincə, ilk dövrlərdən ədaləti mövqe ortaya qoyulub, münaqişə həll edilsəydi, ondan sonra baş verən problemlər bəlkə də olmazdı: “Gürcüstan, Moldova, Ukrayna ilə bağlı problemlər yaranmazdı”.

Google+ WhatsApp ok.ru