Noyabrın 2-dən tədris distant olacaq

Noyabrın 2-dən tədris distant olacaq

Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formatda təşkili təmin edilməlidir.
 
Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" bugün, oktyabrın 29-da imzalanan qərarında əksini tapıb.
 
Bu qərarın qüvvədə olduğu müddətdə (2020-ci il dekabrın 1-dək) uygun qurumların rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
 
Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.
 
Azərbaycanda koronavirusla bağlı bu il martın 24-dən karantindir. Karantin dekabrın 1-i saat 06:00-dək uzadılıb.
 
2019-2020-ci tədris ilində dərslər martın 3-də dayanmışdı. Həmin tədris ilinin onlayn başa vurulduğu açıqlandı.
 
2020-2021-ci tədris ilinin başlanğıcında (sentyabrın 15-də) isə yalnız ibtidai siniflər məktəbə (həftənin 2-3 günü ) getdilər.
 
Qalan siniflərdə dərslər onlayn keçirilməyə başlandı. V-IX siniflər oktyabrın 1-dən, X-XI sinflər isə oktyabrın 15-dən (həftənin bəzi günləri) məktəblərə yollandılar. Amma növbəti həftədən tədris müəssisələrində düz iki həftə tətil elan edildi.
 
Lakin Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağ münaqişəsi ilə bağlı sentyabrın 27-də döyüşlər başlandığından ölkədə internet məhdudlaşdırıldı. Bunun da dərslərin onlayn keçirilməsində çətinliklər yaratdığı bildirilirdi.
 
Üstəlik, son həftələr ölkədə koronvirusa yoluxma ilə bağlı rəsmi açıqlamalarda da artım yaşandığı qeyd edilirdi.
 

Google+ WhatsApp ok.ru