''İnsan alveri faktı 29.4 faiz artıb''

''İnsan alveri faktı 29.4 faiz artıb''

“2016-cı il əvvəlki illə müqayisədə insan alveri faktı 29.4 faiz artıb. 141 fakt aşkarlanıb, 15 cinayətkar qrup zərərsizləşdirilib. Həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib”.
 
Bunu aprelin 7-si Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov Milli Məclisdə verdiyi hesabatda deyib.
 
“İnsan alveri qurbanları arasında uşaqlar da var”
 
Onun deməsinə görə, qurbanların hər birinə 400 manat birdəfəlik müavinət verilib. Onlardan 25 nəfəri işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.
 
V.Eyvazov insan alveri və məcburi əməyin qurbanları arasında uşaqların da olduğunu deyib. 
 
İllik hesabat müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
 
İnsan alveri faktı niyə artıb? 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bəlkə də insan alveri cinayətləri artmayıb. Sadəcə, bu faktların müəyyən edilməsi prosesi güclənib: 
 
“Bəzi hallarda beynəlxalq təcrübəni yaxşı öyrənib, tətbiq etmək də kömək edir. Ehtimal edirəm ki, bununla bağlıdır”. 
 
“Say artmayıb, sadəcə faktlar daha tez aşkarlanır”
Mehriban Zeynalova deyir ki, son dövrlər insan alveri probleminin üstünə düşüblər. Prosesə QHT Koalisiyası da qoşulub. Odur ki, indi faktlar daha tez aşkarlanır: 
 
“Nəticədə ortaya statistika çıxıb. Biz elə bilirik say artıb. Yox, əvvəllər də bu problem var idi. İndi sadəcə ortaya çıxıb. Burada müəyyənetmə prosesinin rolu güclüdür”.
 
“Həmin an verilən kompensasiya onların əlindən tutur”
O ki qaldı insan alveri qurbanlarına 400 manat kompensasiya verilməsinə, Mehriban Zeynalova deyir ki, bu, beynəlxalq təcrübədə də var. İnsan alveri qurbanları müəyyən edildiyi halda çıxılmaz vəziyyətdə olurlar. Həmin şəxslərin özünün, övladlarının ciddi problemləri olur. Həmin an verilən kompensasiya onların əlindən tutur: 
 
“Çox olmasa da işə yarayır. Bəzən olur ki, uşağına yemək, geyim ala bilmirlər. Bu halda həmin kompensasiya gərəkli olur. Həm də onlarda inamı və etibarı artırır. Bu, ümumi standartdır”. (meydantv) /

Google+ WhatsApp ok.ru