İnsana qalan və insanın əbədi xöşbəxtliyini təmin edən onun dininin salamat olmasıdır

İnsana qalan və insanın əbədi xöşbəxtliyini təmin edən onun dininin salamat olmasıdır

-- Ramazan ayı münasibətilə ruhani Hacı İlham Əliyevlə müsahibə

Bismillahir-Rəhmanir-Rəhim

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Azərbaycan İslam Partiyasının sədr əvəzi,  ruhani Hacı İlham Əliyevdir.

 

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısiniz? Bu barədə maraqlı xatirələriniz...

Biz uşaqlıqdan, yəni lap kiçik yaşlarımızdan oruc tutmağa başlamışıq. Yadda qalan xatirələrdən biri budur ki, həmişə məhəlləmizdə ayın axtarışı üçün xüsusi bir şövq, xüsusi bir ab-hava olurdu. Bunun üçüb bütün məhəlləmiz küçəyə çıxar, böyüklər kiçikyaşlı uşaqları hasarların üstünə çıxarardılar ki, gözləriniz bizə nisbətdə itidir, baxın görək ay çıxıb, ya yox?! Bu hadisə və ayın bu sayaq axtarışı, xüsusi olaraq yadda qalan hadisələrdən biridir.

2. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan bir hədis sizin dilinizdən eşidək.

الصوم لی و أنا أجزی به

“Əs-sovmu li və ənə ucza bihi – Orucluq Mənimdir və Özüm onu mükafatlandıracağam.”

 

3. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Vacib və zəruri hesab olunan məsələlərdən ən əsası niyyətdir. Oruc tutan mütləq öz niyyətinə diqqət etməlidir ki, orucu Allaha xatir, yəni qürbətən iləllah olmalıdır. Başqa niyyətlə, məsələn, arıqlamaq və s. düşüncələrdə olmamalıdır. Sübh azanından şam azanına kimi orucu batil edən əməllərdən yalnız Allaha xatir çəkinmək lazımdır.

 

4. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Orucluğun İslam cəmiyyətində ən əsas təsiri budur ki, cəmiyyət kasıbları, fəqirləri yad etsin. Xüsusi bir ülfət, mərhəmət insanlara hakim olsun ki, bir-birini yad etsinlər, bir-birinin əlindən tutsunlar, eyni zamanda, cəm olaraq iftar süfrələrində iştirak etməklə, möminlər və İslam camiəsi arasında özünəməxsus ülfət, səfa-səmimiyyət və mehribançılığı bərpa etsinlər.

5. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumaq istəyərdiniz?

“Bəqərə” surəsinin 255-ci ayəsini. Belə ki, Allah Taala buyurur: “Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgü tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.

 

6. Zəhmət olmasa Ramazan ayı barədə məsumlardan və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiniz.

İbrətli və düşündürücü hadisələrindən biri Peyğəmbərin (ə) “Şəbaniyyə” xütbəsinin son cümlələridir ki, bəndəni daim düşündürüb özünə cəlb edib. Allah Rəsulu (s) imam Əliyə (ə) şəhadət müjdəsini verdikdə və imam Əli (ə) Ramazan ayında qətlə yetiriləcəyini eşitdikdə, imam Əlini (ə) maraqlandıran yeganə sual o oldu ki, “mən dinimdə salamat köçəcəyəmmi?” Mənim üçün həmişə maraqlı olub ki, bir kəsə ölüm xəbərini versələr ki, sən fılan ayda şəhid olacaqsan, həmin kəsə maraqlı olan dininin salamat olacağı, dinlə dünyadan gedib-getməyəcəyi oldu. Bu çox cəlbedici və maraqlıdır ki, insan daim, hər addımında onu düşünməlidir ki, bu əməl, bəlkə də mənim dinsiz dünyadan köçəcəyimə səbəb olacaq. Əsas insana lazım olan budur ki, dini salamat olsun. Bu can istər-istəməz əldən gedəcək, bu can əvvəl-axır cismi ilə vidalaşacaq. İnsana qalan və insanın əbədi xöşbəxtliyini təmin edən onun dininin salamat olmasıdır ki, imam Əli (ə) Rəsulullahdan (ə) məhz onu soruşdu!

7. Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı?

Peyğəmbərin (s) imam Əliyə (ə) tövsiyəsini xatırlamaq istəyirəm. İmam Əli (ə) Peyğəmbərdən (s): “Bu ayın ən fəzilətli əməli hansıdır?” – deyə soruşduqda, Peyğəmbər (s) buyurdu ki, günahdan, Allahın haram buyurduqlarından çəkinmək və təqvanı qoruyub-saxlamaq. Yəni ən fəzilətli, ən qiymətli əməl budur. Müstəhəb əməllər olmasa da olar, amma günahdan çəkinmək və vacibləri yerinə yetirmək ən önəmli və əhəmiyyətli məsələdir. İnsan müstəhəb əməllər yerinə yetirdiyi halda, günaha da qurşanarsa, təbii ki, yığdığı əməlləri də dağıdacaqdır. Əsasən insana lazım olan tövsiyə budur ki, insan həyatında təqvalı olsun – vacibləri yerinə yetirsin və günahdan üzaq dursun.

 

Google+ WhatsApp ok.ru