İnsan ölümdən öncə yeddi mərhələ keçir

İnsan ölümdən öncə yeddi mərhələ keçir

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Həcc” surəsinin 5-ci ayəsində buyurur:

يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاء إِلَى أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ وَمِنكُم مَّن يُتَوَفَّى وَمِنكُم مَّن يُرَدُّ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ

“Ey insanlar! Qiyamətə şəkkiniz varsa (öz vücudunuza diqqət yetirməklə şəkkinizi aradan qaldırın). Biz sizi torpaqdan, nütfədən, sonra laxta qandan, daha sonra ətdən yaratdıq. Bəzisi kamil şəkilə düşdü, (dünyaya gəldi), bəzisi kamil şəkilə gəlmədi (vaxtından əvvəl düşdü). (Bununla da istədik ki, hər şeyə qadir olduğumuzu) sizə aşkarlayaq. (Bətndəkilərdən) istədiyimizi müəyyən nəticəyədək anaların bətnində qərar verər, sonra körpə şəklində bayıra çıxararıq ki, yetkinlik həddinə çatasınız. (Bu arada) sizlərdən bəzisi ölər, bəzisi həyatın ən rəzil mərhələsinə (qocalığa) çatar və bildiklərini əldən verər. Torpağı (qışda) quru və ölü görərsən. Elə ki, üzərinə yağış yağdırarıq, hərəkətə gələr, inkişaf edər, növbənöv gözəl otlar bitirər.”

“Vəfat” kökündən olan “yutəvəffa” sözü insan vücudundan ruhun tam çıxarılması və ölümdən sonra ruhun əbədiliyi mənalarını bildirir.

“Bəhcət” kökündən olan “bəhic” sözü şadlıq mənasını bildirir. Yaşıllığın seyri insanda ruh yüksəkliyi və şadlıq yaradır.

Ayədə qocalıq insan ömrünün ən rəzil çağı sayılsa da, bu rəzilliyi doğuran əsas səbəb yalnız qocalara aid deyil. Həyatının istənilən bir dövründə, hətta gənclik dövründə ağıl qüvvəsi zəifləyən insan öz ömrünün rəzil çağını yaşayır.

Bildirişlər

1. Şəkkin qaynağı Allahın qüdrətindən xəbərsizlikdir.

2. Kafirlərlə dəlillər əsasında, məntiqi və anlaşılan şəkildə danışaq.

3. Hisslər vasitəsi ilə həqiqətlərlə tanış olmaq mümkündür.

4. Məad həm cismani, həm də ruhanidir.

5. İnsanın mənşəyi, ilkin maddəsi torpaqdandır.

6. İnsan ölümdən öncə yeddi mərhələ keçir (torpaq, nütfə, laxta qan, formalaşmamış ət, körpəlik, yetkinlik, qocalıq).

7. “Muzğə” (ana bətnində laxtalanımış ət) dövrü insanın formalaşma dövrüdür.

8. Dünyada cansız torpaqdan insan yaradan kəs Qiyamətdə də bu işi görə bilər.

9. Həyat yüksəliş və enişdən ibarətdir; torpaqdan yüksəliş və həyatın rəzil çağına eniş!

10. Yaranışın bütün mərhələləri, nütfənin möhkəmlənməsindən doğuşadək ötən pillələr Allahın əlindədir.

11. Təbii gedişatların zamana ehtiyacı var.

12. Nütfənin möhkəmlənməsi və ya vaxtsız düşməsi Allahın istəyindən asılıdır.

13. Hamiləlik dövrü Allah tərəfindən müəyyənləşdirilmişdir.

14. İnsanın dünyaya gəlişi Allahın iradəsindən asılıdır.

15. İnsanlar öncə eyni olur, sonra qidalanma və tərbiyə nəticəsində hərə özünəməxsus əxlaq və rəftarlara yiyələnir.

16. Ölüm təkcə qocalara aid deyil.

17. İnsan ölümlə məhv olmur.

18. İnsan və insan həyatının dəyəri onun elm, agahlıq və ağlından asılıdır. (Quran biliklərin unudulmasını ömrün ən rəzil çağı üçün dəlil göstərir.)

19. Bitkilər arasında da zövciyyət, erkək-dişi bölgüsü var. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 8-ci cild, “Həcc” surəsi, 5-ci ayənin təfsiri.)

Maide.az

Google+ WhatsApp ok.ru