İnterAz`: Kanalın Bakı nümayəndəliyinin qeydiyyatdan keçməsi məsələsinə bir daha aydınlıq gətiriləcək

"İnterAz" Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bir sıra xarici KİV-in Azərbaycandakı qeyri-rəsmi fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Televiziyadan Maide.az-a daxil olan bəyanatda bildirilib ki, "İnterAz" televiziyası Azərbaycanda qeydiyyatdan keçmiş “SalamPress Nəşriyyat Evi” MMC ilə mövcud rəsmi tərəfdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərir: “Telekanalın fəaliyyətinə “SalamPress” şirkəti məsuliyyət daşıyır. Cənab Əli Həsənovun iradlarını nəzərə alaraq, media üzrə hüquq mütəxəssisləri ilə məsləhətləşdikdən sonra "İnterAz" televiziya kanalının Bakı nümayəndəliyinin qeydiyyatdan keçməsi məsələsinə bir daha aydınlıq gətiriləcək".
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlamasında “Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. Son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır”, deyə bildirib. 

Google+ WhatsApp ok.ru