İnternetin ucuzlaşacağı gözlənir

İnternetin ucuzlaşacağı gözlənir

Oxu.az saytında «Azərbaycan əhalisinə şad xəbər - İnternetin qiyməti kəskin ucuzlaşacaq» sərlövhəli yazı yer alır.
 
Müəllif gözlənilən ucuzlaşma ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbətləşib.
 
Yazıda bildirilir ki, «Delta Telekom LTD» MMM provayderlərlə təmin olunan internetin qiymətində 70 faizə qədər endirim etməklə bağlı qərar qəbul edib. Bununla bağlı «Delta Telekom LTD»dən məlumat verilib.
 
Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti O.Gündüz bu addımı müsbət qiymətləndirib: «Uzun müddətdir Azərbaycanın internet bazarında qiymət və keyfiyyət problemi qalmaqda idi. Bizdə qiymətləri internet bazarı deyil, daha çox dövlət provayderləri müəyyən edir. İkinci dərəcəli provayderlər isə interneti alıb, vətəndaşlara satır».
 
Onun sözlərinə görə, Azərbaycanda internetin qiymətinin ucuzlaşması tarixinə baxsaq, görərik ki, ikinci provayderlər dövlət provayderlərinin qiymət endirimindən sonra ucuzlaşmaya əl atırlar. O.Gündüzün sözlərinə görə, Azərbaycan internet bazarının 50 faizə qədəri dövlət provayderlərinin əlindədir: «Biz gözləyirdik ki, dövlət provayderləri qiyməti salacaqlar. Ancaq indiki halda «Delta Telekom LTD» belə bir maraqlı təşəbbüs irəli sürüb. Bu da bazarda şərtləri kifayət qədər dəyişəcək. Çünki provayderlərin xeyli hissəsi interneti bu MMM-dən alır».
 
O.Gündüzə görə, əgər əsas provayder qiyməti 70 faizə qədər endirirsə, bazardakı provayderlər də qiyməti ucuzlaşdırmalıdırlar: «Burada iki cür yanaşma olur. Birincisi, provayderlər də qiyməti endirir. İkincisi, ikinci dərəcəli provayderlər qiyməti saxlayıb, sürəti qaldırırlar. Düşünürəm ki, bu, yaxşı təşəbbüsdür. Həm internetin keyfiyyətinin artmasına təsir edəcək, həm də bazarda inkişafa səbəb olacaq. Ümid edirəm ki, bundan sonra dövlət provayderləri də bu məsələyə ciddi yanaşacaqlar».
 

Google+ WhatsApp ok.ru