İntiqam Əliyevin məhkəməsində zərərçəkən sualları cavablaya bilməyib: Hakim prosesi təxirə salıb

Bakı Ağır Cinayətlər Məhkəməsində İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə iclası emosinal şəraitdə keçib.
 
Prosesdə iştirak etmək istəyənlərin çoxu zala düşə bilməyib. Çünki iclas kiçik zalda keçirilib. Hakim Rasim Sadıqov dinləmələrə zərərçəkənlərin ifadələrindən başlayıb.
 
Lakin İ.Əliyev etiraz edərək bildirib ki, ittihamların mahiyyəti ona aydın deyil.
 
O həmçinin iclasın kiçik zalda keçirilməsindən narazı qalıb. Belə ki, monitorinq aparan xarici səfirliklərin nümayəndələri prosesə qatıla bilməyiblər.
 
Lakin hakim bildirib ki, heç kimin monitorinq aparmağa ixtiyarı yoxdur. O bunu məhkəmənin işinə müdaxilə kimi qiymətləndirib. Bu fikirlər zaldakılarda gülüş doğurub.
 
Hakim iclasın böyük zalda keçirilməsi barədə vəsatəti təmin etməyib, halbuki, qonşuluqda  böyük yerlər boş qalıb.
 
Birinci vəsatətə gəlincə, hakim onu təmin edib və ittiham aktını oxuyub.
 
Lakin İ.Əliyev ittihamın mahiyyəti barədə açıqlama tələb edib və özü açıqlama verib ki, ona qarşı irəli sürülən qanunsuz sahibkarlıq ittihamı vergiödəyicisi kimi qeydiyyatsız fəaliyyətdən və ya xüsusi icazə tələb edən fəaliyyətdən ibarətdir.
 
İ.Əliyev qeyd edib ki, Hüquqi Maarifləndirmə Cəmiyyəti kommersiya fəaliyyəti ilə məşğul olmayıb, hüquqşünaslar üçün treninqlər keçirib, vətəndaşların hüquqi müdafiəsini təmin edib ki, bundan ötrü lisenziya lazım deyil.
 
Buna cavab olaraq R.Sadıqov deyib ki, İ.Əliyev hüquqşünasdır və ittihamın mahiyyətini başa düşməlidir.
 
 “Məsələ də bundadır ki, mən hüquqşünasam, ancaq ittihamlar aydın deyil”, - İ.Əliyev vurğulayıb.
 
Hakimin İ.Əliyevin çıxışlarının qarşısını almaq cəhdlərindən sonra o, məhkəmə heyətinə etiraz edib.
 
Bununla əlaqədar hakim fasilə elan edib və iştirakçıların hamısının zaldan çıxarılması barədə göstəriş verib.
 
Fasilədən sonra İ.Əliyev məhkəmənin qərəzli olmasını göstərərək məhkəmə heyətinə etirazını əsaslandırıb. Belə ki, məhkəmə prokuror ilə eyni fikirdə olaraq müdafiə tərəfinin bütün vəsatətlərini rədd edib, onun ofisindən götürülmüş sənədləri iş üzrə materialların arasından çıxarıb.
 
Əsasən bunlar mühasib Gülşən Orucova və onun bacısı Əfsanə Orucovanın bank hesablarıdır (istintaqın məlumatına görə, G.Orucova bacısının hesabına 119 min manat köçürüb, guya bu pullar İ.Əliyevə verilib).
 
Lakin istintaq 77 ödəniş tapşırığından yalnız 29-nu yoxlayıb və onlardakı imzalar saxta olub. “Bu, açıq-aşkar saxtakarlıqdır və bu səbəbdən də istintaq ekspertizaya getməyib”, - İ.Əliyev qeyd edib.
 
O, vətəndaş cəmiyyəti ilə haqq-hesab çəkmək üçün məhkəmənin siyasi xarakterli olduğunu bildirib.
 
Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bugünkü məhkəmə ilə bağlı sosial şəbəkədə status paylaşıb: "İntiqam Əliyevin məhkəməsində olduq. İntiqam bəy çox məntiqli və ləyaqətli bir çıxış etdi. Bəlli oldu ki, hakimlər "monitorinq" sözünü bilsələr də mahiyyətini bilmirlər. Vicdan məhbuslarına azadlıq!"
 
Məhkəmə prosesi fasilədən sonra davam etdirilib. Prosesdə zərərçəkmiş qismində Gülşən Orucova ifadə verib. Onun dedikləri istintaqdakı ifadəsilə ziddiyyət təşkil edib. Zərərçəkən müdafiə tərəfinin sualları qarşısında cavab tapa bilməyib. Bu səbəbdən də hakim qəflətən prosesin təxirə salındığını elan edib.
 
İntiqam Əliyevin məhkəməsi 3 mart saat 11:00-da davam etdiriləcək. 
 
Xatırladaq ki, Intiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamların qondarma olduğu, Intiqam Əliyevin hüquq-müdafiə sahəsindəki fəaliyyətinə, xüsusən Avropa Məhkəməsinə göndərdiyi şikayətlərə görə siyasi sifariş əsasında həbs olunduğu qənaətindədir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib. Hüquq müdafiəçisi həbsindən sonra “Saxarov” mükafatına layiq görülüb. Eyni zamanda, Intiqam Əliyevin adı dünyada ən məşhur 11 siyasi məhbusların siyahısına daxil edilib. Onun azadlığa buraxılması üçün beynəlxalq aləmdən Azərbaycan hökumətinə çoxsaylı çağırışlar olub.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru