İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmənin başlama vaxtı məlum olub

Həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmənin başlama vaxtı məlum olub. 
 
Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, şikayət üzrə məhkəmənin ilkin baxış iclası iyulun 6-da keçiriləcək. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədov sədrlik edəcək. 
 
Qeyd edək ki,  İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Əliyev apellyasiya şikayəti verib./

Google+ WhatsApp ok.ru