Nuşirəvan Məhərrəmli: “Telekanallar şuranın səlahiyyətlərinin artırılmasından narahat olmasınlar”

“Telekanallar şuranın səlahiyyətlərinin artırılmasından narahat olmasınlar. Bu, daha çox çəkindirici xarakter daşıyır və o demək deyil ki, biz istədiyimiz gün hər hansı kanalı bağlayacağıq”.
 
Maide.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qurumun səlahiyyətlərinin artırılmasını nəzərdə tutan dəyişiklik təklifini şərh edərkən deyib. O bildirib ki, cərimələr əvvəl min manatdan iki min manatadək idisə, artıq beş min manatdan on min manatadək olacaq: “Dəyişiklik təklifində ayrı-ayrı verilişlərin bağlanması, yaxud lisenziyanın geri alınması nəzərdə tutulub. Bu, qonşu Türkiyədə də var. Bir çox Avropa ölkələrindəki oxşar qurumlar bu cür səlahiyyətlərə malikdir. Telekanallar narahat olmasınlar. Bu, daha çox çəkindirici xarakter daşıyır. Biz televiziyalarda məhdudiyyətlərin əleyhinəyik. Amma özbaşınalığın da əleyhinəyik. Teleradio yayımı haqqında qanunda əvvəllər yazılmırdı ki, məsələn, altı ay hər hansı televiziya kanalı fəaliyyət göstərmirsə, onun taleyi necə olacaq. Burda bir qeyri-müəyyənlik var idi. Səlahiyyətin artırılması ilə bu qeyri-müəyyənlik də aradan qaldırılacaq”.
 
N. Məhərrəmli əlavə edib ki, bu məsələlərin həlli üçün şura məhkəməyə müraciət etməli idi, dəyişiklikdən sonra isə məsələlər artıq şura tərəfindən həll olunacaq: “Lisenziya müddəti müvəqqəti olaraq alınacaq, televiziya kanalının fəaliyyəti bir ay müddətində dayandırılacaq. Milli Televiziya və Radio Şurası sırf teleradio yayımı üçün məsul olan bir qurumdur, bu fəaliyyəti tənzimləmək üçün yaradılıb. Biz tənzimləyici qurumuq, səlahiyyətləri xalqın mənafeyi üçün istifadə edəcəyik”. 

Google+ WhatsApp ok.ru