Nurlu iman həyatı küfrün qaranlığı ilə bərabər deyil

Nurlu iman həyatı küfrün qaranlığı ilə bərabər deyil

Quran məsəllərindən nümunələr

Allah-Taala Qurani-Kərimin “Ənam” surəsinin 122-ci ayəsində buyurur:

أَوَمَنْ كَانَ مَیتًا فَأَحْیینَاهُ وَجَعَلْنَا لَهُ نُورًا یمْشِی بِهِ فِی النَّاسِ كَمَنْ مَثَلُهُ فِی الظُّلُمَاتِ لَیسَ بِخَارِجٍ مِنْهَا كَذَلِكَ زُینَ لِلْكَافِرِینَ مَا كَانُوا یعْمَلُونَ

“Heç (imandan əvvəl) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün gözünə nur verdiyimiz kəs zülmətlər içində qalıb çıxa bilməyən kəs kimi ola bilərmi? Beləcə, kafirlərə etdikləri işləri gözəl göstərilir.”

Ayənin nazilolma səbəbi

Təfsirçilərin qeydlərinə əsasən, bu ayə Peyğəmbərin (s) əmisi Həmzənin iman gətirməsi ilə bağlı nazil olmuşdur. O, nəhayət, bir gün Əbu Cəhlin Həzrət Peyğəmbərə (s) vurduğu tənələrindən bərk narahat olaraq onu möhkəm cəzalandırır və özü də iman gətirərək həmin vaxtdan şəhadət gününədək İslamın rəşadətli sərkərdəsinə çevrilir.

Misal çəkilən ayədə iki xüsusiyyət diqqəti cəlb edir:

1. Küfrdən sonra iman, yaxud ölümdən sonra dirilik.

2. Zülmətdən sonra iman nuru ilə işıqlanan həyat.

Quran ayələri mömini diri, kafiri isə ölü adlandırır:

فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى...

“Şübhəsiz, sən səsini ölülərə eşitdirə bilməzsən...” (“Rum” surəsi, ayə 52.)

وَمَا یسْتَوِی الْأَحْیاءُ وَلَا الْأَمْوَاتُ...

“Dirilərlə ölülər eyni deyillər!” (“Fatir” surəsi, ayə 22.)

Bu ayələrdəki “ölü” və “diri”lər kafirlərlə möminlərdir. Bəzən, iman sözü “nur”la əvəz olunur və nur yolu işıqlandırdığı kimi, iman da möminin yolunu işıqlandırır. “Şura” surəsinin 52-ci ayəsində buyurulur:

...مَا كُنْتَ تَدْرِی مَا الْكِتَابُ وَلَا الْإِیمَانُ وَلَكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِی بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا وَإِنَّكَ لَتَهْدِی إِلَى صِرَاطٍ مُسْتَقِیمٍ

“...(Ya Peyğəmbər!) Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən istədiyimizi haqq yola yönəltmək üçün bir nur etdik. Şübhəsiz, sən (insanları) düz yola yönəldirsən.”

Bəzən, ayələr müəyyən şəxslərin barəsində nazil olsa da, məzmunu kiməsə məxsus deyil və ümumi xarakter daşıyır. Allaha iman həyata aydınlıq gətirir. Xalis möminin nəzərində yaxşı ilə pis bərabər deyil və iman onu yaxşı işlərə yönəldirsə, kafirin nəzərində isə yaxşı ilə pis əhəmiyyət kəsb etmir. Mömin maddi aləmin metafizik aləmlə əlaqəsinə və bu dünyanın axirət aləminə qovuşmasına etiqad bəslədiyi üçün ətraf mühiti aydın görür. Onun nəzərində dünyanın keçmişi, gələcəyi və indiki vəziyyəti işıqlıdır. Elə buna görə də yaxşı işlərə doğru hərəkət etdiyi üçün diri, kafir isə imansız olduğu və zülmət içində qaldığı üçün ölü və hərəkətsizdir. İman həyatı işıqlandırırsa, küfr isə ona qaranlıq gətirir. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 14-cü məsəl, səh.63-64.)

Tərcümə edən: Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru