Növbəti gecə bahalaşması...

Növbəti gecə bahalaşması...

"Novoye Vremya" qəzetində "Gecəyarısı benzin" sərlövhəli məqalədə benzinin son bahalanmasından bəhs edilir.
 
Müəllif yazır ki, Tarif Şurası bir çox bahalanmanı gecəyarısı elan edir. Bu dəfə də bu qurum xasiyyətini dəyişmək istəməyib. Aİ-92 markalı benzinin satış qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.
 
Yazıda daha sonra Tarif Şurasının arqumentləri dəyərləndirilir:
"Məlum olur ki, daxili tələbat artıb, ixrac məhdudlaşıb, SOCAR-ın valyuta gəlirləri azalıb, bəzi işlər üçün pul lazımdır və ona görə də Tarif Şurasına qiymətləri qaldırmaq təklifi verilib".
 
Müəllif hesab edir ki, SOCAR-ın bu təklifi başa düşülmür. Çünki bu benzin markasının ixracının azalması 2015-ci ildən başlayıb. 2014-cü ildə 13.4 min ton ixrac olubsa, 2015-ci ildə bu, 4.7 min tona, 2016-cı ildə isə 4.5 min tona enib.
 
Amma müəllif vurğulayır ki, 2017-ci ilin ilk rübündə ixrac artıb:
"Ona görə də devalvasiyadan, əhalinin avtomobil bazarında alıcılıq qabiliyyəti bir neçə dəfə enəndən sonra "daxili tələbatın artması" kimi yanaşma təəccüb doğurur".
 
Müəllif Tarif Şurasının emal sənayesinin benzinin tarifinin qaldırılması hesabına modernləşdirilməsi barədə əsaslandırmasını isə gülünc sayır. Yazıda vurğulanır ki, belə nəhəng işlərin yerinə yetirilməsindən ötrü qiymət artımından gələn gəlirlər yetərli ola bilməz.
 
Müəllif Tarif Şurasının hətta bu artımdan sonra da Azərbaycanda benzinin qiymətinin ucuz olması haqda açıqlamasını da düzgün saymır. Yazıda bildirilir ki, Qazaxıstanda yanacaq Azərbaycandan ucuzdur.
 
Müəllif hesab edir ki, benzinin bahalanması əhalinin həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq. Nəticədə bu, SOCAR-ın da gəlirlərinə təsir edəcək. /

Google+ WhatsApp ok.ru