NƏ ÜÇÜN DİNİ HÖKMLƏRDƏ MÜCTƏHİDƏ TƏQLİD ETMƏK VACİBDİR?

NƏ ÜÇÜN DİNİ HÖKMLƏRDƏ MÜCTƏHİDƏ TƏQLİD ETMƏK VACİBDİR?

-- Belə bir təqlid ağıl və fitrətin tələbidir....

 

CAVAB: İnsan dünyaya göz açdığı vaxt məlumatsız olduğu və heç nə bilmədiyindən, müxtəlif işlərdə başqalarının təcrübəsindən istifadə etməyə məcbur olur. İnsan öz istəyindən asılı olmayaraq, başqalarının elmi nəaliyyətindən bəhrələnir. Çünki həyatın dolambaclı yollarını adlamaq üçün hər addımda elm və biliyə ehtiyac var.
 
Həyatımız əsasən iki əsas üzərində qərar tutmuşdur. Əsaslardan biri “bilmək”, digəri isə “həmin bilikdən istifadə etmək”dir. İkinci əsas da birinci əsasa ehtiyaclıdır. Demək, həyatda ilk addım bilikdən başlayır. Məhz bu məqamda daxilimizdəki bir meyil bizim köməyimizə çatır və səadət qapılarını bizim üzümüzə açır. Bu meyil “iqtibas”“təqlid”dir. Bilirik ki, körpə həmin bu meyillər əsasında danışmağa başlayır, oturub-durmağı öyrənir, hər gün mərhələ-mərhələ həyat pillələri ilə yuxarı qalxır. O, yaşa dolduqca başqalarının biliklərinə daha diqqətli olur, varlıq aləmindəki mövcudlardan xəbər tutur və öz insanlıq vəzifələrini anlayır.

Amma burada əsas bir nöqtəyə diqqət yetirmək lazım gəlir. Bütün işlərdə başqalarına təqlid etmək düzgün deyil. Təqlidin bir neçə növü var:

1. Cahilin cahilə təqlidi (bilməyənin bilməyənə təqlidi):

Məlum məsələdir ki, bu növ təqlid insanı nəinki xoşbəxt etmir, hətta onu süquta uğradır. Təəssüf ki, bizim cəmiyyətimizdə bir çox insanlar kor-koranə şəkildə müxtəlif məsələlərdə başqalarına təqlid edirlər. Onlar müxtəlif həyat məsələlərində, eləcə də, geyim, yemək, adqoyma və digər işlərdə başqalarını yamsılamağa çalışırlar. Bəzən insanlar heç bir əsas olmadan etiqadi və əxlaqi məsələlərdə də başqalarına təqlid edirlər. Məhz həmin təqlid haqqında məşhur bir şeirdə deyilir:

خلق را تقلیدشان بر باد داد                                ای دو صد لعنت بر این تقلید باد!

Təqlid düçar etdi bəşəri dərdə,

Min bir lənət olsun belə təqlidə!

Qurani-Kərimdə də bu növ təqlidi məzəmmət edən ayələr vardır. Məsələn, bütpərəstlər həzrət Peyğəmbərin (s) etirazları müqabilində deyirdilər: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” Ayədə buyurulur:

وَكَذَلِكَ مَا أَرْسَلْنَا مِن قَبْلِكَ فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءنَا عَلَى أُمَّةٍ وَإِنَّا عَلَى آثَارِهِم مُّقْتَدُونَ

“(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – dedilər.” (“Zuxruf” surəsi, ayə 23.)

Quran belə bir məntiqi şiddətlə məzəmmət edir.

2. Alimin cahilə təqlidi:

Şübhəsiz, bu sayaq təqlid əvvəlki təqliddən də pisdir. Çünki alim öz elm və biliyi əsasında hərəkət etməlidir. Elm və biliyə sahib bir insanın öz elmindən faydalanmayıb kor-koranә nadan bir şəxsə təqlid etməsi ən çirkin təqliddir.

3. Alimin alimə təqlidi:

Alim mütəxəssis və nəzər sahibi olduğu sahədə öz həmkarına təqlid etməməli və öz elmi biliklərinə əsaslanaraq vəzifəsini müəyyənləşdirməlidir. Fəqihlərin qeydlərinə əsasən, ictihad mərhələsinə çatmış şəxs öz ictihadına əməl etməlidir. Bu cəhətdən də ictihad icazəsində adətən yazılır: “Bu şəxsin təqlid etməsi haramdır.” İctihada çatmış şəxs öz nəzərinə əsasən əməl etməlidir. Əlbəttə ki, elmi məsələlərdə başqa alimlərlə məsləhətləşməyin eybi yoxdur. Nəzərdə tutulan budur ki, alim qərar çıxararkən araşdırma aparmamış başqalarının nəzərinə təslim olmamalıdır.

4. Cahilin alimə təqlidi:

Belə bir təqlid ağıl və fitrətin tələbidir. Bu məntiqə əsasən, biz bina tikmək üçün memara, bənnaya müraciət edirik. Libas tikdirərkən dərziyə, xəstələnərkən həkimə müraciət edilməsi təbii bir işdir və zərurətdir. Biz sözlə, ağıl və fitrət bizi mütəxəssis ardınca göndərir.

Elə bu məntiqlə də dini təlimlərdə, ilahi qanunlarda hökmləri ayırd etməkdə mütəxəssis olan fəqihlərə müraciət olunması tapşırılır. Fəqihlər öz istedadları ilə illər uzunu elm və bilik sorağınca gəzmiş və uca ictihad məqamına çatmışlar. Müctəhid ilkin qanunu ilahi mənbədən çıxarıb sübuta yetirən və xalqa təqdim edən alimdir. Bu uca mənsəb fəqihlərə məsumlar tərəfindən əta olunmuşdur. Məqsəd insanların səadət yoluna istiqamətləndirilməsidir.

Belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, dünyəvi elmlərin müxtəlif sahələri var. Bir şəxs müəyyən elm sahəsində fövqəladə istedada malik olduğu halda, digər bir sahədən tamamilə xəbərsiz qala bilər. Ona görə də, o, bilmədiyi sahədə mütəxəssisə müraciət etməli, onun dediklərinə tabe olmalıdır. Məsələn, böyük məharət sahibi olan bir alim tanımadığı bir şəhərdə lazım olan ünvanı tapmaq üçün şəhəri tanıyan adamlardan həmin ünvan haqqında soruşmağa məcburdur. Məsələn, astronomiya sahəsində böyük kəşfləri olan alim xəstələndiyi vaxt onun həkimə müraciət etməsi zəruridir. Bu şəxs astronomiyanı gözəl bilsə də, xəstəliklər və xəstəliklərin müalicəsi ilə tanış deyil. Həkim öz elminə əsaslanaraq astronomun xəstəliyini müəyyənləşdirir və onun üçün nüsxə yazır. Astronom heç bir sorğu-suala tutmadan onun dediklərinə əməl edir.

Bu iki misaldan aydın olur ki, dini məsələlərdə xalqın müctəhidə müraciət etməsi zəruridir. Həkim tibbdə mütəxəssisdirsə, müctəhid də ilahiyyatda mütəxəssisdir. Müctəhid bir ömür sərf edərək, sərf, nəhv, lüğət, kəlam, məntiq, təfsir, rical, dirayə, hədis, fiqh və üsul elmlərini oxumuşdur.

Bizim tez-tez müraciət etdiyimiz risalə fəqihin bir ömür zəhmətinin məhsuludur. Həmin risalələr alimlərin üzücü zəhmətləri hesabına başa gəlmişdir. İctihad asan iş deyil. İctihad dedikdə, fərdi və ictimai həyatımızı əhatə edən ilahi qanunlar külliyatının öyrənilməsi nəzərdə tutulur.

İslam məktəbinin fəxri olan aliməqamlı müctəhid Şeyx Mürtəza Ənsari “Rəsail” kitabında yazır: “Allah bizə ictihad tovfiqi versin. Elə bir ictihad ki, daimi cihaddan ağır və rəhmətli olsun.”

Bunu da qeyd etməliyik ki, müctəhidin göstərişlərinə etiqadi yox, təkcə əməli məsələlərdə təqlid olunmalıdır. Başqa sözlə, təqlid fürui-dinə aiddir, usuli-dinə yox! Allahı və peyğəmbərləri tanımaq kimi üsul məsələləri İslam məktəbinin əsasını təşkil edir. Bu məsələləri möhkəm dəlillər əsasında qəbul etmək lazımdır. Etiqad məsələləri ilə elm və agahlıq yolu ilə tanış olan insan əməli hökmlərdə bu sahədə mütəxəssis olan müctəhidlərə müraciət etməlidir.

Namazın, orucun, xümsün, zəkatın, həccin və bir sıra digər əməli hökmlərin vacibliyini insan özü dərk etməlidir. Yəni müctəhiddən öyrənilən namazın vacibliyi yox, namazın necəliyidir. İnsan əvvəlcə öz ağıl və düşüncəsi ilə namazın vacibliyini dərk etməli, sonra isə namazı necə yerinə yetirmək barədə müctəhiddən məlumat almalıdır. Bir sözlə, təqlid yalnız əməli hökmlərə aiddir. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəlliflər: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.278-282.)

(Maide.Az)

Google+ WhatsApp ok.ru